Vaxt.Az

“Cavab ver, ...”


 

İlham Əliyev Etibar Pirverdiyevin sözünü kəsdi: “Ölkə niyə qaranlıq bürümüşdü?”

“Cavab ver, ...” Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev ölkənin energetika sistemində dalbadal baş vermiş və bütün ölkəni işıqsız qoyan qəza ilə bağlı xüsusi müşavirə keçirib.

AzTV bu müşavirəni az əvvəl yayımlayıb. Müşavirədə prezident “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevi baş vermiş hadisə barədə izahat verməsi üçün ayağa qaldırıb. Pirverdiyev çıxışına başlayaraq ölkənin elektrik enerjisi sisteminin çökməsinə görə “dərin narahatlıq” ifadə edib, prezidentdən və elektrik enerjisi istehlakçılarından üzr istəyib. Daha sonra “Azərenerji” ASC-nin rəhbəri ölkənin energetika sisteminin yenidən qurulması üçün son 15 ildə görülmüş işlərdən danışmağa cəhd edib. Bu zaman prezident İlham Əliyev onun sözünü kəsib və sərt tonda deyib: “Biz bilirik son 15 ildə hansı işlər görülüb. Sən denən qəzanın səbəbləri nədir? Nə üçün ölkəni qaranlıq bürümüşdü? Səbəblər nədir?”

E.Pirverdiyev məruzəsinə davam edərək baş verənləri son bir həftə ərzində elektrik enerjisinə tələbatın isti hava şəraiti ilə “kəskin, 40 faiz artması" ilə əsaslandırmağa çalışıb. Lakin prezident yenə də onun sözünü kəsib: “İsti hava qəzanın səbəbi ola bilməz. Bizdən də isti ölkələr var, onlarda belə hadisələr baş vermir. Verəndə də bütün ölkənin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər, bu istisna deyil. Ancaq bir qəzaya görə böyük bir ölkənin enerji sisteminin çökməsi çox ciddi səhvdir. Bizim kifayət qədər enerji gücümüz var, biz xarici ölkələrə elektrik enerjisi ixrac etmək imkanındayıq. Ona görə də isti havalara görə tələbatın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Bu məqsədlə komissiya yaradılıb. Siz sadəcə olaraq utanmalısız, xalq qarşısında, ölkə qarşısında utanmalısız. İnsanlara isti havada bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Elə SOCAR-ın burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük ziyan dəydiyini görərik. Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsaitlər ayrılır, yeni elektrik stansiyaları tikilir. Elə sistem qurulmalıydı ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, digər yerlərdə yeni tikilmiş elektrik stansiyaları Mingəçevirdəki qəzadan sonra fəaliyyətini dayandırdı? Siz bunun izahatını verməlisiniz. Yoxsa başlamısız havalar isti keçir, istehlak artıb. Bu məni qane edə bilməz, əyləşin”.

Etibar Pirverdiyev prezidentin bütün bu sözlərini başı aşağı əyilmiş vəziyyətdə dinləyib, məruzəsini tamamlaya bilmədən yerinə oturub...

 





04.07.2018    çap et  çap et