Vaxt.Az

“40-50 min manat təhsil haqqı ödəmişik”


 

Valideynlər bağlanmış liseydən izahat tələb etdilər

“40-50 min manat təhsil haqqı ödəmişik” “İstək” liseylər şəbəkəsinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçinin Təhsil Nazirliyinə müraciətindən sonra bu gün “İstək” Beynəlxalq Məktəbində təhsil alan şagirdlərin valideynləri aksiya keçirərək rəhbərlikdən açıqlama tələb ediblər.

Bu barədə valideynlər məlumat veriblər. Onların sözlərinə görə, qərar gözlənilməz olub. Çünki bir neçə gün əvvəl liseyin əməkdaşı zəng vuraraq valideyn-lisey arasında bağlanılan müqavilənin təcili yenilənməsini istəyib. Bir çoxları növbəti ilin təhsil haqqını əvvəlcədən ödəyib, bəziləri isə avans veriblər. Həmin vaxt məktəbin bağlanacağı haqda məlumat verilməyib.

Liseyin illik ödənişi 10 min manatdan yüksəkdir, təhsil ingilis dilində aparılıb. Valideynlər deyirlər ki, təhsil proqramı fərqli olub. “Biz indiyədək liseyə 40-50 min manat təhsil haqqı ödəmişik, amma təsisçi bizə əvvəlcədən xəbər vermədən bağlanılmasını istəyib. Xahiş edirik ki, məktəb Təhsil Nazirliyinin tabeliyinə verilsin, lakin əvvəlki tədris proqramı tətbiq edilsin. Biz dövlətə illik ödəniş edək. Bizim uşaqlar beynəlxalq olimpiadalarda qızıl medallar qazanıblar”, - valideynlərdən Sevda Məmmədova deyib.

Məktəbin direktoru valideynlərlə görüşdə bildirib ki, liseyin daxili problemləri olub, buna görə də, Təhsil Nazirliyinə müraciət edilib. Lakin təsisçinin belə bir addım atacağından lisey rəhbərləri də məlumatsız olublar. Lisey təsisçisinin kimliyi açıqlanmır, valideynlərinin israrlarına baxmayaraq həmin şəxs haqqında məlumat verilmir. “Bizim uşaqlar dövlət təhsil müəssisələrinin proqramlarını bilmirlər. Nazirlikdən xahiş edirik, təsisçi və ya məktəbin adı dəyişsin, bizim uşaqlar yenə bu liseydə oxusunlar”, -şikayətçilər deyiblər. Onlar təsisçidən indiyədək ödənilən təhsil haqlarını geri istəyəcəklərini də bildiriblər.

Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı məktəbə gələrək valideynlərin şikayətini dinləyib. Valideynlərə tezliklə məktəblə bağlı açıqlama veriləcəyi vəd olunub.

Qeyd edək ki, liseyin adı ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində çəkilmişdi. Həmin sammitdə liseyin 9-cu sinif şagirdi Reyhan Camalovanın yağışdan elektrik enerjisi əldə etmək üçün hazırladığı qurğu-modelin layihəsi nümayiş etdirilmişdi və şagirdə ABŞ prezidenti Donald Trampın qızı İvanka tərəfindən mükafat verilmişdi.

Əvvəlki adı “Dədə Qorqud” olan bu lisey əvvəllər Fətulla Gülən təriqətinin təhsil müəssisələri şəbəkəsinə daxil olub. Lakin Türkiyədə fətullaçılara qarşı genişmiqyaslı mübarizənin başlanmasından sonra Azərbaycanda da bu təriqətin məktəblərinin, o cümlədən ali təhsil müəssisələrinin mülkiyyətçisi dəyişdi. İndi isə lisey ümumiyyətlə fəaliyyətini dayandırıb. Azərbaycanda cəmi 12 "İstək" liseyinin fəaliyyət göstərdiyi məlumdur.

Ülviyyə XUDİYEVA

 





09.07.2018    çap et  çap et