Virtualaz.org xəbər verir ki, “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu (Pakistan) Azərbaycan ordusunun silahlanmasına SOM qanadlı raketlərinin daxil olmasını şərh edib. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Hərçənd Türkiyənin əldə edəcəyi F-35 qırıcıları üçün raketlərin daha kompakt versiyası da işlənib hazırlanır.
Xəbərlərə görə Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Çünki raketin MiQ-29 qırıcısında ilk sınaqlarının keçirildiyi haqda xəbərlər var. SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı fiksə edilmiş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradacaq. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersiyal naviqasiya sistemlərinə əsaslanır.
Lakin analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və JF-17 qırıcılarına da aidiyyəti ola bilər. Azərbaycanın Pakistandan JF-17 qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, əgər Pakistanın Aviasiya Kompleksi JF-17 qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.
Mərkəzin analitiklərinə görə Azərbaycan HHQ üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı. “Bunlar əlbəttə, nəzəriyyədir. Amma SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”, - mərkəz qeyd edir.