Vaxt.Az

... Qartal yuvasındakı dağ qartalları


 

Dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə ...

... Qartal yuvasındakı dağ qartalları ...Hərbi UAZ avtomobili toz qaldıra-qaldıra kiçik dağ kəndinin gah sağa, gah sola burulan daşlı-çınqıllı yollarını keçib üzü sərt yoxuşa doğru dırmanır. Mühərrik sözün əsl mənasında bağırır, sovet avtomobil sənayesinin primitiv nümunəsi olan, amma uzun illər boyu çoxsaylı münaqişələrdə sınaqdan çıxmış bu komandir maşını təqribən 45-50 dərəcə, bəzi yerlərdə daha çox maili yoxuşla üzü yuxarı qalxarkən sanki imkanlarının son həddində mübarizə aparır. Adama elə gəlir ki, avtomobilin mühərriki daha bu yükün öhdəsindən gələ bilməyəcək və sönəcək.

Amma təşvişə düşməyə əsas yoxdur, belə hisslər ancaq bu yerlərə bələd olmayıb ilk dəfə belə yoxuşu qalxanlarda yarana bilər. Sürücü əsgər və “N” saylı hərbi hissənin iricüssəli zabiti, UAZ-ın ön sərnişin oturacağında əyləşən Vüqar Feyziyev üçün isə qeyri-adi heç nə baş vermir. Onlar hər gün postlara aparan bu və buna oxşar başqa dağ yolları ilə gedib-gəlirlər. Azərbaycan Ordusunun Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsindəki (o cümlədən rayonun digər həmsərhəd ərazilərindəki) postları bu cür sərt yoxuşlu dağların zirvələrində yerləşir. Və həmin postların təchizat yolları Bakı küçələrində mühərriki UAZ mühərrikindən dəfələrlə güclü superkarlarla sürət yarışına çıxanlar üçün deyil. Bu yollarda avtomobili idarə edib salamat mənzil başına çatdırmaq və qayıtmaq başqa cəsarət, peşəkarlıq tələb edir.

Yolumuz “N” saylı hərbi hissənin dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə (2100 metrdən yuxarı) yerləşən postlarından birinədir. İmkan tapıb ildə 5-10 günlüyə baş çəkdiyimiz ata ocağına - Şınıx bölgəsinin Zamanlı kəndinə budəfəki gedişimizi həm də xidməti ezamiyyət saya bilərik. Belə görünür ki, jurnalist peşəsi doğrudan da istirahət anlayışını yaxına buraxmır. Bu sətirlərin müəllifi üçün də illərdir belədir. Hər dəfə yolumuz düşəndə çalışıb bu cəbhə bölgəsinin müxtəlif qayğılarını, problemlərini işıqlandırmışıq, yazmışıq.

İndi isə əlimizdə Müdafiə Nazirliyinin ordumuzun mövqelərindən reportaj hazırlamağa səlahiyyət verən, necə deyərlər, “daşdan keçən” rəsmi məktubu var. Və həmin məktubun sayəsində bir vaxtlar şiddətli döyüşlərin getdiyi bu dağlarda vətənin sərhədlərini qoruyan əsgərlərimizlə görüşmək üçün ən çətin postlardan birini seçirik. Hərbi hissə komandiri zabit V.Feyziyevi çağırıb jurnalistə bələdçilik etmək üçün göstəriş verir.

...Komandir UAZ-ı gah palıd meşəliyindən keçən, gah burulub dağ yamacına çıxan sərt yoxuşlu yolda mənzilini başa vurub dayanır. Qarşımızda Azərbaycan ordusunun bölgənin ən yüksək dağ zirvələrindən birində yerləşən postudur. Əslində buna post demək də düzgün çıxmır, yerləşdiyi dağ zirvəsindən aşağı nəzər salanda bura sanki qartal yuvasıdır. Tam təchizatlı, qışın sərt şaxtasında, yayın yandırıcı istisində sifətləri yanıb bərkimiş, mis rəngi almış, postun qarşısında sıra ilə düzülüb qonaqların gəlişi üçün hazır gözləyən əsgərlər isə sanki dağ qartallarıdır. Bu cür şəraitdə xidmət keçənlər əsgərləri başqa necə adlandırasan axı. Qarşıda düşmən, arxada isə Şınıx bölgəsinin bir-birinin ardınca sıralanan dağları, bu dağların arasında sıra ilə düzülən kəndləridir.

Təvazökarlıqdan kənara çıxıb bir məqamı da qeyd edim ki, qartalların yanına əliboş gəlməmişik. Onlara xidmət üçün gərəkli ola biləcək bəzi kiçik hədiyyələrimiz var. Məsələn, yaxşı binokl bu dağlarda heç vaxt artıq əşya sayılmaz.

Hərbi qulluqçu Həsrət Osmanov özü Ağstafa rayonunun Köçvəlili kəndindəndir, 3 ilə yaxındır bu yerlərdə xidmət edir. Qarşıdakı düşmən postları və ordumuzun mövqelərinin düzülüşü barədə qısaca izahat verir. Bu dağlarda Azərbaycan ordusu həm bir sıra strateji, həm taktiki üstünlük verən mövqelərdə möhkəmlənib. Strateji yüksəkliklərdən Ermənistanın Çəmbərək şəhərini və bitişik kəndləri, o cümlədən Berd-Çəmbərək avtomobil yolunu nəzarət altında saxlamaq mümkündür. Taktiki yüksəkliklərdəki mövqelər isə bu strateji mövqelərlə zəncir halında ümumi sərhəd zolağı boyu etibarlı müdafiə xətti yaradır.

Ermənistanın 90-cı illərin əvvəllərində bu bölgədən bir qarış da olsun torpaq işğal edə bilmədiyi mübaliğəsiz həqiqətdir. Zabitlərlə bir daha dəqiqləşdirirəm ki, hazırda Ermənistan ordusunun bilavasitə iki ölkə dövlət sərhəd xəttinin üzərində yerləşən cəmi 2-3 postu var. Yəni elə hal mövcud deyil ki, Ermənistan ordusunun bölmələri dövlət sərhədini keçib mövqe tutsun. Qalan bütün hallarda Azərbaycan ordusu sərhəd xəttinin üzərində mövqe tutub, bəzi yerlədə isə ordumuz Ermənistan ərazisinin kilometrlərlə dərinliyinə hakimdir.

Azərbaycan Ordusunda son illərdə həyata keçirilən islahatların nəticələrini bu dağlarda da görməmək mümkün deyil. Postlar yenidən tikilib (bu sərt yoxuşla minlərlə metr yüksəkliyə tikinti materiallarının daşınmasının özü ayrı igidlikdir-müəl.), əsgərlər üçün normal məişət şəraiti yaradılıb, ərzaq və su təchizatı, sərt qış aylarında blindajlarda istilik, ortopedik döşəklər və s.-hər şey yerli-yerindədir.

“Gördüyünüz kimi hər şəraitimiz var, bu yerlərdə xidmət keçməyin bizim üçün heç bir xüsusi çətinliyi yoxdur”- əsgərlər onların xidmət şərait barədə marağımıza cavab olaraq deyir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu son vaxtlar hökm sürən nisbi sakitlik (əvvəlki illərdəki gərginliklə müqayisədə) bu yerlərdə də müşahidə olunur. Hərbçilərimizlə söhbətdən belə məlum olur ki, düşmən ara-sıra fəallıq edir, atəşkəs rejimini pozub postlarımız və yaşayış məntəqələri istiqamətində atəş açır. Amma adekvat cavab reaksiyasını görən kimi düşmən mövqelərinə sükut çökür.

“Hərdən atırlar, xüsusən də örüşdə mal-qara otaran kəndliləri görəndə. Elə mal-qaraya da. Amma paylarını alan kimi susurlar” - zabit Niyaməddin Səfərəliyev söhbətə qoşulur.

“Həmişə onlar birinci başlayır. Özü də heç bir səbəb olmadan, nizamsız şəkildə. Keçən dəfə Mor-Mor kəndini atəşə tutmağa başladılar. Bizimkilər də məcbur oldu həmin postu eyni vaxtda iki istiqamətdən vurmağa. Və dərhal sükut çökdü, iki-üç həftə səsləri çıxmadı. Məsələ ondadır ki, təmas xəttinin bu istiqaməti boyu Ermənistan ordusunun postlarında kənd sakinləri çağırışçı əsgərlərə kömək üçün növbə çəkir. Görünür canlı qüvvələri çatmır. Sakinlərə postlara növbəyə çıxmalarına görə müəyyən gündəlik muzd verirlər. Onlar da görünür içib sərxoş olur, başlayırlar kəndlərə, mülki sakinlərə, mal-qaraya atmağa. Əslində onların yaşayış məntəqələrini, avtomobil yollarını atəş altında saxlamaq üçün bizim imkanlarımız qat-qat yüksəkdir. İstəsək başlarını qaldırıb evlərindən çıxmalarına da imkan vermərik. Amma biz bunu etmirik, onlar isə mal-qara görəndə də atır, çalışırlar camaatın əkin-biçinlə məşğul olmasına əngəl yaratsınlar. Əlbəttə, cavablarını alırlar" - zabit Feyziyev əlavə edir.

Müqavilə əsasında xidmət keçən əsgər Əhməd Məhərrəmovu söhbətə tutmağa çalışıram. Sıravi Əhməd özü bu dağlarda böyüyüb boya-başa çatıb, necə deyərlər, hər qarışını, hər cığırını tanıyır. Sərrast atıcılıq qabiliyyətinə görə bu yaxınlarda hərbi hissədə birinci yeri tutub. Amma danışmağı xoşlamır, eləcə gülümsəyir və “hər şey yaxşıdır” deyir...

90-cı illərin əvvəllərində gedən döyüşlər zamanı Azərbaycan ordusunun əsasən yerli könüllülərdən formalaşmış bölmələri olduqca məhdud imkan və təchizatla bu dağlarda bir sıra strateji yüksəkliklərdə möhkəmləniblər, nəticədə bölgənin işğalı planlarının qarşısını alıblar. Əlbəttə, 90-cı illərdə bu dağlarda gedən döyüşlərdən danışıb Milli Qəhrəman İsgəndər Aznavurovu yada salmamaq mümkün deyil. Məhz onun sayəsində indi Azərbaycan ordusu bu dağlardakı strateji yüksəkliklərdən birində möhkəmlənib, onu alınmaz qalaya - “İsgəndər qalası”ına çevirib.

“O vaxt imkanlarımız yetsəydi bax o yüksəklik də indi bizim nəzarətimizdə idi. İsgəndər və döyüşçüləri iki dəfə o yüksəkliyi alıb, amma köməyə əlavə qüvvə yetişə bilmədiyi üçün yüksəklik əldən verilib. Özü də bax o yüksəklikdə şəhid olub, İsgəndər və döyüşçüləri hücuma keçib erməni postunu tutublar, onların toplarını, silahlarını ələ keçiriblər. Amma möhkəmlənməyə imkan tapmayıblar, ermənilər PDM-in köməyi ilə əks hücuma keçiblər, bu vaxt mərmilərdən biri İsgəndərin yaxınlığında partlayıb ”- özünün dediyi kimi 90-cı illərin əvvəllərindən forma geyinən, son bir neçə ilini bu dağlarda xidmət edən zabit Feyziyev əli ilə Ermənistan ordusunun mövqelərindən birinin yerləşdiyi yüksəkliyi nişan verib danışır.

Bunlar əlbəttə, həqiqətdir. Axı bütün bu hadisələr bölgənin sakinlərindən biri kimi həm də mənim gözlərim qarşısında baş verib. O dövrlər bu yüksəkliklər tutulsa da ora indiki kimi təchizat yolları çəkmək üçün zəruri texnika, imkanlar mövcud deyildi. Və köməyə əlavə qüvvə, texnika gələ bilmədiyi üçün yüksəklikləri əldə saxlamaq mümkün olmurdu...

Yeri gəlmişkən bu məqamda maraq məni bürüyür: “Görəsən indi döyüşlər başlasaydı postlara köməyə əlavə qüvvələr nə dərəcədə tez yetişə bilərdi?”

“Çox tez, kifayət qədər operativ. Sürücülərimiz elə püxtələşib ki, üçoxlu “Kamaz”ı bu yollarda trasda “Mercedes” sürən kimi məharətlə sürürlər” – zabit Feyziyev cavab verir.

Əsgərlər bizi çaya qonaq edir, nahara hazırlıq görürlər. Müşahidə məntəqəsindən düşmən mövqelərini izləyirəm, xüsusi fəallıq, hərəkətlilik nəzərə çarpmır. Necə deyərlər, tam sakitlikdir. “Bu gün heç bir xüsusi fəallıq qeydə alınmayıb” - növbətçi əsgər deyir.

Düşmən mövqelərində “maraqlı” heç nə baş vermədiyi üçün bu yüksəklikdən ətrafı, təbiəti, ucsuz-bucaqsız Kiçik Qafqaz sıra dağlarını seyr etmək daha maraqlıdır. Və əsgərlərimizlə sağollaşıb geri dönürük, bu dəfə UAZ-ın mühərrikinə düşən yük ağır deyil, amma sərt enişdə gərək əyləc sistemi etibarlı ola...

 





10.07.2018    çap et  çap et