«Son vaxtlar daha çox haqqında söhbət edilən Bakının «Sovetski» ərazisindəki evlər, nəzərdə tutulan layihəyə görə sökülməli və bunun qarşılığında vətəndaşları razı salacaq şəkildə kompensasiya ödənilməlidir. Kompensasiya miqdarı cənab prezidentin söylədiyi kimi, hər kvadrat metr üçün ən az 1500 AZN olacaq. Belə ki, hər bir vətəndaşın mülkiyyət hüququ var və atılacaq hər bir addım vətəndaşların hüquqlarının dövlət tərəfindən qorunmasına xidmət edəcəkdir. Bu məsələ ilə əlaqədar bu gün Baş Nazirin müavini cənab Abid Şərifov, BŞİH-nin başçısı cənab Hacıbala Abutalıbov da bu ərazinin sakinləri ilə görüşmüş, onların səsləndirdikləri fikirləri dinləmiş və bu haqda üst qurumlara məruzə edəcəklər.
Bu söküntü nəticəsində həm layihə həyata
keçirilmiş olacaq, həm də Bakımızın dünya səviyyəsindəki müasir şəhərlər
sırasındakı yerinin daha da möhkəmləndirməsinə bir tövhə olacaq.
Bundan əlavə, hər bir vətəndaşın
haqqıdır ki, qanun çərçivəsində bu və ya digər şəkildə haqlarını tələb etsinlər
və ya onları qane etməyəcək hallara etirazlarını bildirsinlər. Azərbaycan
demokratik dövlətdir və demokratik ölkədə hər bir vətəndaş özünün konstitusion
haqq və hüquqlarından istifadə edə bilər. Bu günlərdə həmin ərazinin sakinləri
etiraza çıxırsa, buna normal yanaşmaq lazımdır. Çünki onlar sözlərinin dövlət
tərəfindən dinlənmələrini istəyirlər.
Cənab prezidentimiz də hər zaman
söyləyir ki, vətəndaşların bütün haqq və hüquqları dövlət tərəfindən ən yüksək
səviyyədə qorunmalıdır. Bu haqda vacib göstərişlərini də hər zaman verib.
Əminəm ki, bu məsələ ən yüksək səviyyədə həllini tapacaq, həmin ərazidə evləri söküləcək bütün sakinlərin haqqı olduqları lazımi kompensasiya ilə təmin ediləcəkdir!»