***
Araşdırmaçı jurnalist Xədicə İsmayılova vəkili Rəşid Hacılı ilə bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə daxil olub. Jurnalist facebook profilində yaydığı bir sənədin foto-surəti ilə bağlı şahid qismində dindiriləcək. Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib.
«Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi «Facebook» səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib», - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Azadlıq qəzetinin saytı yazıb ki, hazırda baş prokurorluğun qarşısında bir qrup ictimai fəal və jurnalist var.