“Mossad” agentləri məxfi sənədlərin saxlanıldığı binanın siqnalizasiya sistemini söndürüblər, iki dəmir qapını açıblar. İçəridəki 32 seyfi sındırıblar və 6 saat 29 dəqiqədən sonra özləri ilə 50 minə yaxın məxfi sənəd, 163 kompüter diski götürərək obyekti tərk ediblər.
Xatırladaq ki, İsrail kəşfiyyatının İranın nüvə sirlərini ələ keçirdiyini bu ilin mayında baş nazir Benyamin Netanyahu xüsusi brifinqlə dünyaya elan edib. Bunun ardınca ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. İsrail kəşfiyyatının ələ keçirdiyi sənədlərə əsasən İran nüvə proqramlarını dayandırmağa dair öhdəlik götürsə də əslində bu sahədə gizli fəaliyyətini davam etdirib. Nüvə silahı proqramına dair sənədləri gizlədib.
Qəzetin dünənki sayında dərc edilmiş məqalədə göstərilir ki, iranlılar Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə nail olmaq üçün İsrailin sənədləri saxtalaşdıdığını deyirdilər. Lakin ABŞ və Böyük Britaniya kəşfiyyatı “Mossad”ın Tehrandan oğurladığı sənədləri analiz ediblər, onların İrandan başqa agentlər vasitəsilə əldə olunmuş sənədlərlə müqayisəsini aparıblar və bildiriblər ki, ələ keçirilmiş sənədlər həqiqidir.
“Mossad”ın Tehranda keçirdiyi əməliyyatın bəzi detalları haqda bundan əvvəl Küveytin “Əl-Cəridə” qəzeti yazmışdı. Bildirilirdi ki, “Mossad” agentləri Tehrandakı anbardan oğurladıqları sənədləri kiçiktonnajlı yük maşınına yükləyiblər. Əvvəlcədən obyektin qarşısında iki eyni markalı, eyni rəngli yük maşını dayanıb. Sənədlər onlardan birinə yüklənib, daha sonra avtomaşınlar izi itirmək üçün müxtəlif istiqamətlərə hərəkət edib. Qəzet iddia edirdi ki, məxfi sənədlər sərhəddən qeyri-leqal şəkildə Azərbaycana keçirilib. Buradan xüsusi təyyarə ilə İsrailə aparılıb. Lakin rəsmi Bakı bu iddianı qəti təkzib etmişdi.