O cümlədən Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilərək, zindana atılıb.
Ermənistanda baş verən hadisələr Qarabağ konfliktinin həllinə necə təsir edə bilər?
“Paşinyan Qarabağ məsələsində güzəştli mövqe tuta bilməz”
Politoloq Eldar Namazov Modern.az saytına açıqlamasında bu məsələ ilə bağlı iki yanaşmanın mövcud olduğunu deyib:
“Bir yanaşma ondan ibarətdir ki, son hakimiyyət dəyişikliyindən sonra “vurulan siyasətçilər”, Azərbaycan torpaqlarının işğalına birbaşa rəhbərlik etmiş “Qarabağ klanı”nın aparıcı üzvləri siyasi səhnədən gedəndən sonra Ermənistanla hansısa kompromislərə gəlmək daha rahat, asan olar. Ancaq bu yanaşmanın ciddi qüsurları var. Adətən çətin durumda olan hakimiyyət Qarabağ məsələsində daha radikal mövqedən çıxış edir. Paşinyan hakimiyyəti də bu gün çox çətin durumdadır. Əslində o, bir tərəfdən rəqiblərini vurub, digər tərəfdən hələ növbədənkənar parlament seçkiləri keçirilməyənə, hökumətdə tam öz adamlarını yerləşdirməyənə , parlamentdə ona dəstək verən çoxluğu əldə etməyənə qədər Ermənistanda islahatlar apara bilməyəcək və hansısa sosial hərbi durumu yaxşılaşdırmağa da müvəffəq olmayacaq. Belə olan halda Paşinyan Qarabağ məsələsində hansısa güzəştli mövqe tuta bilməz. Əksinə Paşinyan indi əvvəlki hakimiyyətlərdən də daha sərt bəyanatlarla çıxış edəcək”.
“Rusiya ilə Ermənistan arasındakı münasibətlər pisləşir”
E.Namazov ikinci yanaşmadan bəhs edərkən qeyd edib ki, vaxtilə torpaqlarımızı itirməyimizin səbəbi Azərbaycandakı qeyri-sabitliklə bağlı idi: “Orta hesabla ildə bir dəfə hakimiyyət dəyişirdik. Atəşkəs əldə olunana qədər, 6 il ərzində - 1988-1994-cü illərdə Azərbaycanda 7 dəfə Ali Baş Komandan dəyişib. Yəni həm birinci katibləri, həm prezident səlahiyyətlərini icra edən adamları, həm də prezidentləri saysaq, belə nəticə ilə qarşılaşırıq. Belə olan halda müharibə aparan ölkə qalib gələ bilməzdi. Ermənilər bundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edib. Biz Ermənistanda durumun çətinliyini, daxili böhranın daha da dərinləşdiyini, Rusiya ilə Ermənistan arasında çox ciddi gərginliklərin meydana gəldiyini, bunu aradan qaldırmağın çətin olduğunu görürük. Günü-gündən iki dövlət arasındakı münasibətlər pisləşir. Bu böhran hələ davam edəcək, yaxın aylarda bu, daha da gərginləşəcək. İctimai rəydə Paşinyana olan dəstək get-gedə azalacaq, onun opponentləri əks hücuma keçəcək. Bu orduya da öz təsirini göstərəcək”.
“Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”
Müsahibimiz düşünür ki, belə vəziyyətdə Azərbaycan ciddi
siyasi qərarlar verməlidir: “Onsuz da generalların həbsi və digər məsələlərlə
bağlı Azərbaycanla müqayisədə daha zəif olan Ermənistan ordusunun içərisində
parçalanmalar var. Hesab edirəm ki, böhran pik nöqtəyə çatanda Azərbaycan
ordusu torpaqlarımızı işğaldan azad etməli, bu haqda siyasi qərarlar verilməlidir.
Çünki 1988-ci ildən bu günə kimi düşmənimiz bu qədər zəif, beynəlxalq dəstəkdən
məhrum olmayıb. Belə bir məqamda biz sözsüz ki, çox sərt və siyasi qərarlar
verə bilərik.
Hər halda ermənilərin danışıqlar dövründə dəfələrlə problemi sülh yolu ilə həll
etmək imkanı olmuşdu. 25 ildir danışıqların aparılmasına rəğmən, Azərbaycan
torpaqları azad olunmayıbsa, o zaman Ordumuz öz üzərinə düşən vəzifəni yerinə
yetirib, torpaqları düşməndən təmizləməlidir”.