Vaxt.Az

Rusiyadan Azərbaycana zərbə


 

Moskva neftinin daşıma xərclərini artırdı, SOCAR yeni müqavilənin detallarını hələlik açıqlamır

Rusiyadan Azərbaycana zərbə Fevralın 18-də SOCAR Rusiyanın «Transneft» şirkəti ilə Xəzər neftinin Bakı-Novorossiysk kəməri ilə daşınması üzrə yeni müqavilə imzalayıb. Bu haqda xəbəri Caspian Barrel SOCAR-dakı qaynaqlardan alıb. Qaynağın verdiyi xəbərə görə, tərəflər danışıqlar əsasında hər iki tərəfi qane edən kommersiya şərtlərini razılaşdırıb.

Musavat.com xəbər verir ki, «Transneft» 2007-ci ilin sentyabrından bu günə qədər Azərbaycan neftini Rusiya ərazisindən hər tonu 15,67 ABŞ dollarına daşıyırdı. Bir müddət öncə isə Rusiya tarifi 2 dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı. Hələlik SOCAR yeni tarif haqqında bilgi vermir.

Yada salaq ki, fevralın 14-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1996-cı il yanvarın 18-də imzalanan neft daşımaları üzrə hökumətlərarası müqavilənin müddəti bitmişdi. Bu səbəbdən fevralın 15-dən SOCAR Bakı-Novorossiysk kəməri ilə daşıdığı nefti Bakı-Tiflis-Ceyhan kəmərinə yönləndirmişdi.

Onu da vurğulayaq ki, bir sıra ekspertlər SOCAR-ın Bakı-Novorossiysk kəmərindən imtina edəcəyi haqqında proqnozlar səsləndirmişdilər. Ekspertlər bildirirdilər ki, Rusiyanın daşıma xərclərini iki dəfə bahalaşdırması Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil.

 





18.02.2014    çap et  çap et