Bu zaman həmin binada yaşayan Orxan və Sərxan Məmmədovlar ikinci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olaraq, əvvəlcə yerdə sərxoş vəziyyətdə uzanan bir qadını mənzildən çıxarıblar. Həmin qadın onlara evdə iki azyaşlı uşağın olduğunu söyləyib. Məmmədov qardaşları yenidən yanğının davam etdiyi mənzilə girərək, iki azyaşlı körpəni xilas ediblər. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Mənzil isə tamamilə yanaraq kül olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar.
Hadisə barədə danışan 23 yaşlı Orxan Məmmədov bildirib ki, yanğın baş verən zaman qardaşı ilə küçədə olub: «Mənzildən qara tüstünün çıxdığını gördük. Mənzili qatı duman bürüdüyündən, ora eyvandan daxil olduq. Eyvanın qapısını təpiklə sındırıb içəri daxil olanda yerdə bir qadın sərxoş vəziyyətdə uzanmışdı. Həmin qadını çölə çıxardıq. Bu zaman qadın gözlərini açdı və evdə iki azyaşlının olduğunu söylədi. Biz yenidən alovlar içində olan mənzilə daxil olub 4 və 5 yaşlı oğlan uşaqlarını xilas etdik. Azyaşlılardan biri həmin sərxoş qadının oğlu idi, digəri isə yanğın baş verən zaman evdə olmayan ev sahibinin. Alovlar içində olan mənzilə daxil olmaq mümkün deyildi. Tüstüdən adamın başı gicəllənirdi. Körpələr şok vəziyyətində idilər və qışqırırdılar. Əgər bir-iki dəqiqə geciksəydik, o zaman faciədən qaçmaq mümkün olmayacaqdı».
Qeyd edək ki, Yeni il ərəfəsində Həştərxan vilayətində mənzildə baş verən yanğın hadisəsi zamanı üç uşaq yanaraq ölüb. Hadisəyə səbəb isə valideynlərin səhlənkarlığı olub.