Vaxt.Az

Paşinyanın qəribə sıralaması


 

Həsən Ruhani, Donald Tramp və ardınca Bako Saakyandan Rusiya açıqlaması

Paşinyanın qəribə sıralaması Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçib. Birincisi, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda suallar doğuracaq. İkincisi, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır. Yəni Tehran istəsə belə Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə bilməyəcək, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək. Paşinyanın İrana səfəri daha çox Tehrana lazımdır ki, təcriddə olmadığını nümayiş etdirə bilsin. Ancaq Ermənistan o ölkə deyil ki, kiməsə nəsə sübut etmək mümkün olsun.


***

 

Ermənistanın baş naziri “Rusiya bizim siyasətimizə uyğunlaşmalıdır” dedikdən bir gün sonra Qarabağ separatçılarının lideri Bako Saakyan Nikol Paşinyana bu şəkildə cavab verdi: “Rus-erməni münasibətlərinin tarixi kökləri mövcuddur, bunu daha da dərinləşdirmək lazımdır”. Yəni Bako Saakyan demək istəyib ki, Nikol Paşinyan tarixdən gələn ənənəni dəyişə bilməz, dəyişmək istəsə qarşısında Qarabağ ermənilərini görəcək.

Rusiyanın ermənipərəst qüvvələri Paşinyanın xarici siyasətindən narazıdırlar. Ona görə də bu qüvvələr birbaşa Qarabağa separatçıları ilə təmasları genişləndirməyə qərar veriblər. Məsələn Rusiyanın ermənipərəst “Regnum” saytının ermənipərəst baş redaktoru Modest Kolerov Qarabağ separatçılarının liderindən müsahibə alaraq suallarını rus-erməni birliyi ətrafında formalaşıb. Bako Saakyan da müsahibə boyunca Rusiyanın böyük və tarixi rolundan danışıb. Bununla Rusiyadakı mərkəzlər Bako Saakyanın dili ilə Paşinyana mesaj yollayıblar ki, “bizim əleyhimizə gedərsənsə Qarabağ separatçıları İrəvanın deyil birbaşa Moskvanın təlimatı ilə idarə olunacaq, ta o vaxta kimi Ermənistan hakimiyyətində yenidən ruspərəst otursun”.

 





11.08.2018    çap et  çap et