Vaxt.Az

“Gəl bu problemi müzakirə edək”


 

Nazarbayev Putinlə görüşdə general Xaçaturovdan söz saldı

“Gəl bu problemi müzakirə edək” Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən gün Aktauda keçirilən Xəzər sammitinin ardınca rusiyalı həmkarı Vladimir Putinlə ayrıca görüşü zamanı Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən KTMT baş katibi Yuri Xaçaturovun məsələsini müzakirə etməyi təklif edib.

General Xaçaturov 2008-ci ilin 1 mart hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunub, o dövlət çevrilişi cəhdində ittiham olunur. Xaçaturovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də daha sonra Rusiyanın sərt xəbərdarlığından sonra Ermənistan hakimiyyəti onun ölkədən çıxmasına və Moskvaya qayıtmasına icazə verib.

Virtualaz.org xəbər verir ki, Xaçaturovun məsələsini müzakirə etməyi birinci Nazarbayev təklif edib. O bildirib ki, ikitərəfli əməkdaşlığa aid olan və müzakirə edilməli məsələlərdən biri də KTMT-nin baş katibinin məsələsidir. “Hansı ki, indi problemə çevrilib”, - Nazarbayev deyib.

Vladimir Putin cavabında deyib: “KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində daha geniş münasibətlərimizə gəldikdə burada çox böyük proqram, böyük gündəm var. Problem xarakterli məsələlər də var və onlardan birinə Siz indi KTMT ilə bağlı toxundunuz”.

Putinin bu sitatına Kremlin rəsmi saytı yer verir. Lakin Qazaxıstan prezidentinin rəsmi saytında KTMT baş katibi barədə söhbətə toxunulmur.

Bundan əvvəl avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı aparıb və rəsmi məlumata görə tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. Məlumatlara görə Ermənistan Xaçaturovun KTMT baş katibi postundan geri çağırılması üçün məsləhətləşmələr aparır.

 





13.08.2018    çap et  çap et