İkincisi, ABŞ-ın Türkiyəyə qarşı siyasəti qardaş dövləti daha çox Rusiyaya yaxınlaşdırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ankarada idi. Bu Lavrovun bu il ərzində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə 5-ci (?!) görüşü idi. Adətən xarici işlər nazirləri xarici ölkələrdə çalışan səfirlərinin toplantısına – daxili foruma qonaq çağırmazlar. Ancaq Lavrovu hətta Türkiyənin xarici ölkələrdəki səfirlərinin Ankaradakı toplantısına da dəvət edib, onun Amerika əleyhinə nitqini dinlədilər.
Amerikanın Türkiyəni hədəf alması Almaniyanın da xoşuna gəlmir. Almaniya kansleri Angella Merkelin “biz Türkiyə istisadiyyatının zəifləməsində maraqlı deyilik, əksinə Türkiyənin çiçəkləməsini və inkişafını arzulayırıq” sözləri Ankarada müsbət qiymətləndirildi. Halbuki, son illər Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə dərin çatlar əmələdə gəlmişdi. Göründüyü kimi, Donald Trampın hamıya qarşı açdığı mübarizə cəbhəsi Berlinlə Ankaranı da bir-birinə yaxınlaşdırdı. İş o yerə çatıb ki, Türkiyə Cumhurbqaşqanı Rəcəb Təyyub Ərdoğan setnyabrın sonuna Berlinə səfərə hazırlaşır. Bir neçə ay əvvəl belə bir səfər mümkün görünmürdü. Ayrıca, Türkiyədə Suriya məsələsiylə bağlı Türkiyə-Rusiya-Almaniya-Fransa dördlüyünün sammiti gözlənilir.
Ağ Ev sahibi sanksiyalarla və sərt açıqlamalarıyla bir sıra dövlətləri zorən tərəfdaşa çevirir. Bunumu istəyirdi Tramp? Çətin. Trampın hegemoniyasını qəbul etməyən dövlətlər Ağ Ev sahibini anlatmaq istəyirlər ki, onun ağlasığmaz hərəkətləri ona və Amerikaya baha başa gələcək.
Tələbələrimə hər zaman 1960-cı illərdə Karib böhranının həllində Amerikanın mərhum prezident Con Kennedinin möhtəşəm rolundan danışıram. Kennedi 13 gün ərzində generallarla, ekspertlərlə, nazirlərlə, beyin mərkəzlərin tanınmış mütəxəssisləri ilə məsləhətləşərək dərin böhrandan çıxış yolu tapdı, dünyanı dağıdıcı müharibə risqindən qurtardı. Kennedinin otağında oturan Tramp isə heç kimi dinləmədən tvit atmaqla aləmi bir-birinə qatır. Bu fenomeni də gərək növbəti dərs ilində tələbələrimə anladım.