Vaxt.Az

Akademikin kitabı Təbrizdə işıq üzü gördü


 

Rafael Hüseynovun müqəddiməsi çap olunub

Akademikin kitabı Təbrizdə işıq üzü gördü Dünya elmi və ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazananlardan biri, XII əsrin misilsiz riyaziyyatçısı, filosofu və şairi olan Ömər Xəyyamın bu il 970 yaşı tamam olur. Ömər Xəyyam ilk növbədə orta əsrlərin universal zəkalı böyük alimi olsa da, dünyada bir şair, rübai ustası kimi daha çox şöhrət tapıb. O, Şərq şairləri arasında əsərləri Avropa dillərinə ən çox tərcümə edilən söz ustasıdır.

Təbrizdə yenicə nəşr olunmuş “Həkim Ömər Xəyyam və rübailəri” adlı iri həcmli kitab dahi şəxsiyyətin yuvarlaq ildönümünə layiqli hədiyyə sayıla bilər.

Kitaba Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov fars dilində “Xəyyamın davam edən böyük yolu" adlı geniş müqəddimə yazıb. Akademikin müfəssəl önsözündə göstərilir ki, tanınmış ədəbiyyat məftunu və naşir Əli Polad (Əliəsğər Vahabzadə) son illərdə Ömər Xəyyam şəxsiyyəti və irsinin təbliği istiqamətində səmərəli və əhatəli iş görür. Onun tərtibində Xəyyam rübailəri Tehranda farsca, İstanbulda türkcə, Moskvada rusca, Təbrizdə Azərbaycan dilində ərəb əlifbasında nəşr edilib. Eləcə də həmin silsilədən 2009-cu ildə Bakıda XX əsrdə yaşamış müxtəlif Azərbaycan şairlərinin tərcüməsində Ömər Xəyyam rübailəri gözəl tərtibatda işıq üzü görüb.

Qeyd etmək lazımdır ki, sadalanan nəşrlərin hamısı akademik Rafael Hüseynovun yazdığı və Ömər Xəyyamın həyat və yaradıcılığı, dünya şöhrətindən bəhs edən ətraflı giriş məqalələri ilə başlayır.

Son Təbriz nəşrinin özünəməxsusluğu ilı bağlı Rafael Hüseynov yazır: “İlk dəfə olaraq bir kitab içərisində Ömər Xəyyam rübailərinin müxtəlif türk xalqlarının dillərinə tərcümələri toplanıb. Kitabda 34 şairin Xəyyam irsindən etdiyi seçmə rübailərin çevirmələri yer alır. Azərbaycan və Türkiyə türkcəsində, özbək dilində Xəyyam rübailəri əvvəllər dəfələrlə ayrıca kitab halında nəşr olunsa da, ilk dəfədir ki, tatar, qaşqay, xələc, qaqauz və digər türk xalqlarının təmsilçilərinin etdiyi tərcümələrlə eyni bir kitabda qovuşur. Həm də tərcümələri bu kitabda əksini tapan şairlərin xeyli fərqli dövrlərdə yaşaması onun göstərcisidir ki, Xəyyamın müdrik rübailəri türk xalqları arasında həmişə oxunub, sevilib, özününkü hesab edilib”.

İran rəssamlarının məxsusi olaraq bu kitablar silsiləsi üçün çəkdiyi cazibəli miniatürlərlə bəzənmiş yeni kitabda Ömər Xəyyamın şeirlərinin tərcüməsi ilə yanaşı orijinalları da verilib ki, bu da tutuşdurma aparmaq, çevirmələrin səviyyəsi haqda doğru qənaət əldə etməkçün imkan verir.

2018-ci ilin noyabrında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Ömər Xəyyama həsr edilən beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. Həmin konfrans çərçivəsində Təbrizdə nəşr edilmiş bu yeni kitabın da təqdimat mərasimi olacaqdır.

 





20.08.2018    çap et  çap et