Bir müddət öncə Türkiyənin yanındayıq deyən Almaniya tərəfi indi də bu məsuliyyətdən qaçmaq üçün müxtəlif bəhanələr axtarır. Bu söhbətlərin SPD tərəfindən yayıldığını əsas gətirərək bütün günahı onların üzərinə yıxmaq istəyirlər. Bəlkə də, məsuliyyətdən qaçmağa görə Merkel zəif halqa hesab etdiyi SPD-ni hədəfə çıxarır.
Göründüyü kimi, Vaşinqton Berlinə təzyiqləri hərtərəfli artırıb. Bu səbəbdən Almaniya Türkiyə siyasətini dəyişməyə hazırlaşır. Bəs əgər Merkel Trampın sözünə baxmayıb, Ankaraya maliyyə dəstəyi etsəydi nələr baş verəcəkdi?! - Təbii ki, okeanın o tayındakı bu davranış normal qarşılanmayacaqdı. Qəzəblənmiş ABŞ Almaniya iqtisadiyyatını vuracaqdı.
Maşınqayırma sahəsində almanlar dünyanın lider ölkələrindəndir. Əgər Tramp Almaniyadan avtomobil, ehtiyyat hissələri, digər nəqliyyat vasitələrinin idxalına qadağa qoyub, bu sahədə yaranacaq boşluğunu Yaponiya və Cənubi Koreya sayəsində doldursa, bu avropalıların iqtisadiyyatı üçün böyük zərbə olacaq. Nəticədə isə milyardlarla itki yaranacaq. Digər tərəfdən rəsmi Berlin Avropa Birliyində əsas söz sahibidir. ABŞ-ın bu birliyə təsir imkanlarının kifayət qədər olması heç kimə sirri deyil. Elə birliyin içində Almaniyanın liderliyini qəbul etmək istəməyən dövlətlər az deyil. Ən başda da Fransa.
Almanların Avropa Birliyindəki təsir imkanlarını itirməsi dövlətin nüfuzu və liderliyi baxımından təhlükəlidir. Nəticədə Almaniya üçün deyilən “Avropanın lokomotivi” ifadəsi puç ola bilər. Bu baxımdan Merkelin bu cür addımı Trampla münasibəti pozmamağa xidmət edir. Zatən Trampın Merkeldən xoşu gəlmədiyini bütün alman saytları yazır.