Vaxt.Az
Bir yazı günü
… Yaxud şairin gündəlik məşğuliyyəti
Son iki ildir səhər yuxudan oyanan kimi bir fincan kofe içə-içə dünya mediasından daimi izlədiyim bir neçə sayta baxıram, sonra dünənki gündən qalan qeydlərimə nəzər salmağa başlayıram. Bu qeydlərin yarısı yolda, işdə dama-dama dəftərə yazılmış qeydlərdir, yarısı isə evdəki fərqli-fərqli bloknotlara, balaca qeyd kartlarına yazılmış eskizlər. Çap hərfləri ilə yazıram, sürətli yazdığım üçün xəttim dağınıq, səliqəsizdir, yalnız özümün başa düşdüyüm işarələrlə, ixtisarlarla doludur.Son iki-üç ildir ki, yalnız “Zebra”,
“Piano” markalı 0,7 nömrəli qələmlərlə yazıram. Səhərlər dünəndənqalma qeydlərimi
kompüterə köçürməyə başlayanda, bəzən bir mövzu başqalarından üstün çıxır, ona
görə köçürmə işini yarımçıq qoyur, həmin mövzuya fokuslanıram. Amma əsas çətinliyim
konsentrasiyamı bir yerə toplamaq, bir işə fokuslanmaq üçün özümü məcbur etməkdir,
bunun üçün xırda rituallarım var. Məsələn, eyni musiqiyə qulaq asmaq (axır
vaxtlar köhnə avropa xitlərinə), sevdiyim bir kitabın ən bəyəndiyimin parçasını
yüksək səslə oxumaq (son günlərdə Nabokovun “Ada və ya Arzu” romanından bəzi
parçalar.) Həvəssiz,depressiv olduğum dövrlərdə yapışqanlı rəngli kağızlara
direktivlər yazıb üzbəüz divardan asıram: Möhkəm ol! Həvəsdən düşmə!Ucsuz-bucaqsız
azlığa yaz! Heç nəyə, heç kimə fikir vermə! Dünya səviyyəli olacaq!
Nahara qədər fasiləsiz işləyirəm. Nahardan sonra mütləq bir saat ya bir hekayə,
ya bir esse, ya da qırağını qatladığım hansısa şeir kitabından 5-6 şeir
oxuyuram. Mütaliəm adətən plan üzrə gedir, bir tərəfdən müxtəlif səbəblərə görə
üstündən keçib oxuya bilmədiyim yerli və dünya klassiklərini oxuyuram, o biri tərəfdən
(və daha çox) çağdaş dünya ədəbiyyatını. Siyahımda həmişə ədəbiyyatşünaslıqla,
kino ilə, rəssamlıqla da bağlı kitablar olur. Mütaliə fasiləsindən sonra yenidən
yazmağa qayıdıram, əgər başladığım yazıya səhərki enerji ilə qayıda bilmirəmsə,
əlimi soyutmamaq üçün mütləq yarımçıq qalan, yaxud planımda olan hansısa
yazının tərcüməsinə girişirəm. Bu bəzən bir esse, bəzən şeir, bəzən hekayə, əksərən
də sayt üçün xırda xəbərlər olur.
İş vaxtı bitənə qədər fasilələrlə ya yazıram, ya da tərcümə edirəm, axşamları
evdə Dəfnə yatana qədər heç nə yazmıram, onunla oynayıram, dincəlirəm, körpə
yuxuya gedəndən sonra hər axşam İlahə ilə bir filmə baxırıq. Ovqatımızdan
asılıdır, bəzən çox yüngül filmlərə baxmaq ehtiyacı hiss edirik, bəzən isə mənim
günü-gündən dəyişən, çoxalıb-azalan siyahım üzrə bir filmə.
Gecə 10-dan sonra kitabxanama keçirəm. Oxu sürətim yuxarıdır, vərdiş məsələsidir,
2-3 saat ərzində təxminən 150 səhifə oxuyuram.
Şəhərdən əl-ayaq çəkiləndə, binaların işıqlarını gözlərini yumanda, mənim də
eynəksiz saatlarım başlayır...
21.08.2018 çap et