Əliyeva Mehriban Arif qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor idi. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadını olub.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.
O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyeva 1983-cü ild İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Həyat yoldaşı, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
Azərbaycanın tanınmış simaları doğum günündə ölkənin Birinci xanımını belə xarakterizə edirlər.
Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc mükafatçısı, azərbaycanlı stend atıcı, eyni zamanda DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahəddinova ölkənin Birinci xanımı Mehriban Əliyevanı təbrik edib:
“Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil, idman sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sorğuya əsasən, Mehriban xanım Əliyeva “İlin qadını” adına layiq görülüb. Onun Azərbaycanın ictimai-siyasi, idman həyatında rolunu çox yüksək qiymətləndirirəm. Ən əsası o, anadır, qadındır. Mehriban Əliyevanın Azərbaycan idmanın inkişafında göstərdiyi dəstək əvəzsizdir. Mən də buna görə bütün idmançıların, özümün və ailəmin adından Mehriban xanıma təşəkkür edirəm. Və doğum günü münasibətilə ən səmimi arzularımı çatdırıram. İdmançılarımızın istəyi də məhz Mehriban xanımı və cənab Prezidenti öz qələbələrilə sevindirməkdir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az-a bildirib ki, Mehriban Əliyeva Azərbaycan üçün misilsiz bir dəyərdir:
“Mehriban xanım öz davranışı, insanlara olan münasibəti, xeyirxahlığı, ailə dəyərlərimizə hörməti ilə Azərbaycan ailəsi üçün bir nümunədir. Xanım Əliyeva ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta bütün dünya qadınları üçün və örnəkdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün iftixar mənbəyidir”.
Komitə sədrinin sözlərinə görə, Mehriban xanımın simasında Azərbaycan qadını həm daxilən, həm də zahirən dəyişib, hər bir qadın üçün nümunə obrazına çevrilib:
“Mehriban Əliyevanın Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Birinci xanımın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Ona görə də, mən bu gün Azərbaycan qadınlarının siyasi və sosial aktivliyini Mehriban xanım Əliyevanın adı ilə bağlayıram. Mehriban xanım müasir qadın obrazı kimi bütün qadınlar üçün bir nümunədir. Birinci xanımın təhsil, səhiyyə, mədəniyyət məsələlərinə tövsiyəsi onun hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Birinci xanımın fəaliyyəti o qədər geniş və çoxplanlıdır ki, uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir. Aztəminatlı və şəhid ailələri onun qayğısını öz üzərlərində hiss edirlər. Mehriban xanımın belə ailələri hər zaman yada salması, mərhəmətin, xeyirxahlığın onun həyat amalına çevrildiyinin təsdiqidir. Onun şəxsində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. Ailə qayğılarını, ictimai fəaliyyətini biri-biri ilə düzgün tənzimləyən Mehriban xanım Əliyeva ana kimi də bütün qadınlara nümunədir. Mən Mehriban xanımı ürəkdən təbrik edir, ona can sağlığı, yeni nailiyyətlər, ailə səadəti, yeni zirvələri fəth etməyi arzu edirəm”.
Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova da təbrikçilər sırasına qoşulub.
G.Məmmədova Mehriban Əliyevanın Azərbaycan təhsilinə verdiyi töhfələri misilsiz adlandırıb:
“Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında çox böyük rolu var. Artıq uzun illərdir həm təhsilə, həm səhiyyəyə, həm də mədəniyyətə çox böyük dəstək verir, önəmli layihələr həyata keçirir. Bu istiqamətdə dövlət siyasətini reallaşdıran ən önəmli insanlardandır. Xüsusilə onun təhsil sahəsindəki fəaliyyətini qeyd etmək istəyirəm. Bu illər ərzində xanımın rəhbərliyilə Heydər Əliyev Fondunun çox böyük təşəbbüsləri olub. Bildiyiniz kimi, Yeniləşən Azərbaycana yeni məktəb layihəsi həyata keçirilib. Yüzlərlə məktəb tikilib, təmir olunub, uşaqlarımız, gənclərimiz yeni, gözəl şəraitdə təhsil almağa başlayıblar. Ümumiyyətlə təhsilin səviyyəsinin qalxması, məzmununun müasirləşməsi, yaxşılaşması üçün önəmli işlər görülüb. Bütövlükdə təhsilə verilən dəstək, eyni zamanda universitetlərimizin də simasının dəyişməsinə səbəb olub.
İndi Azərbaycan universitetlərinin çoxunun maddi-texniki bazası formalaşıb, təhsilin beynəlxalq əlaqələri artıb. Bundan əlavə, Azərbaycan xalqı Mehriban Əliyevaya onun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə görə minnətdardır. Çünki məhz Mehriban xanımın təşəbbüsü ilə bizim mədəniyyətimizin ənənələri inkişaf etdirilib, gənc mədəniyyət xadimlərinin yetişdirilməsi üçün böyük işlər görülüb. Tarixi abidələrimizin UNESCO-nun siyahısına salınması üçün böyük çabalar sərf edilib. Bizim muğamımızın inkişafı, qorunması, təbliği, dünyada tanınması üçün Mehriban xanımın fəaliyyəti danılmazdır və bunu hamı çox gözəl bilir. Bu barədə çox şeylər demək olar. Eyni zamanda, xanımın səhiyyə sahəsində gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, inkişafı, Azərbaycan xalqının səhhətinin qorunması istiqamətində görülən işlər barədə çox danışmaq olar. Bütövlükdə Mehriban xanım həm Birinci vitse-prezident kimi, həm Birinci xanım kimi çox böyük işlər görür və Azərbaycan xalqı qarşısında onun xidmətləri böyükdür. Əlbəttə, xalqımız bütün bu fəaliyyətləri böyük minnətdarlıqla, razılıqla qarşılayır. Bu gözəl gündə, Mehriban xanımın ad günündə onu ürəkdən təbrik edir, can sağlığı arzulayır, Azərbaycan xalqının rifahının yaxşılaşması naminə həyata keçirdiyi bütün gözəl layihələrində uğurlar arzulayırıq”.
Xalq artisti, professor Arif Babayev Mehriban Əliyevanı Allah tərəfindən Azərbaycana göndərilmiş dəyərli bir hədiyyə kimi qiymətləndirib:
“Mehriban xanım haqqında deməyə ürəkdolusu sözlərim var. Hazırda səhhətimlə əlaqədar Bakıda deyiləm və buna görə təəssüf edirəm. Mehriban xanım bizim milli dəyərimizi, milli musiqimizi dünya səviyyəsinə qaldırdı. Bizim muğamımız, xalq mahnılarımız var, illərdir yaşayır. Amma heç vaxt indiki qədər hörmətli və indiki zirvədə olmayıb. Mehriban xanım çox böyük işlər görüb. Ölkənin Birinci xanımı millilik adına durmadan çalışıb, əlindən gələni əsirgəməyib. Bunları sadalamaqla bitməz, onsuz da işlərin hamısı göz qabağındadır. Xalqımız onu həm də xeyirxah bir insan, bir ana kimi çox sevir.
Xanım Əliyeva Azərbaycan milli musiqisinin sütunudur. Bunu bütün dünya səviyyəsinə çatdırmaq çox çətindir. Bunu hər adam edə bilməz. Mehriban xanım bu çətin missiyasını öz üzərinə götürüb. Buna görə də biz sənət adamları həmişə ona dua oxuyuruq. Allah onu qorusun. O bizə göylərdən göndərilən ən gözəl dəyərdir.
Mən öz balalarımı muğamatdan gələn gəlirlə böyütmüşəm. Mən gözümü açandan milli musiqinin ətrafında olmuşam. İndi də bu istiqamətdə gənclərin yetişməsinə çalışırıq. Çoxlu muğam müsabiqələri keçirilir. Bunlar elə-belə edilmir. Bunların hamısı bizim cavanlarımızın yetişməsində böyük vasitədir. Baxın, bizim çox sayda cavan xanəndələrimiz meydana gəlib. Çox təqdirəlayiqdir ki, Mehriban xanım xarici ölkələrə-Fransa, İtaliya, Londana və s.-ə gedəndə milli musiqinin təmsilçisi olan gəncləri də özü ilə aparır və orada təqdim edir. Mehriban xanım barəsində saatlarla, günlərlə danışa bilərəm. Sizin vasitənizlə Mehriban xanıma möhkəm can sağlığı, uzun ömür arzulayıram”.
Milli Məclisin deputatı Fəzail Ağamalı saytımız vasitəsilə Mehriban Əliyevanı təbrik edib, ona işlərində uğurlar arzulayıb:
“Birinci xanıma möhkəm can sağlığı, çətin və şərəfli işində uğurlar, ailə səadəti arzulayıram. Mehriban xanım Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında xüsusi rolu olan bir insandır. Bu gün ölkə Prezidenti ilə bərabər, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin aparılmasında mühüm rol oynamaqda, uğurlar qazanmağımızda xüsusi töhfələr verməkdədir. Mehriban xanım milli-mənəvi dəyərlərimizə önəm verən, hər bir xanıma nümunə olan bir ana, xanımdır. Onun xeyirxah əməlləri bir çox ailələrə, imkansız şəxslərə sevinc, xəstələrə şəfa bəxş edir. Bu həm Allah yoludur, həm də böyüklük yoludur. Azərbaycanın inkişafında göstərdiyi əvəzsiz xidmətlərin daha da şaxələnməsində uğurlar arzulayıram”.
Gülşən RAUFQIZI