Vaxt.Az

“Yorulub...”


 

Şahmat Federasiyası Şəhriyar Məmmədyarovun şikayətlərinə cavab verdi

“Yorulub...” Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şok açıqlama yazıb. Şahmatçımız sponsoru olmadığını, yarışlara öz pulu hesabına getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.

Şəhiryarın açıqlaması ilə buradan tanış ola bilərsiniz.

Modern.az saytı tanınmış şahmatçının səsləndirdiyi fikirlərə münasibət öyrənməyə çalışıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov saytımıza açıqlamasında deyib ki, Şəhriyar Məmmədyarov yarışlara öz hesabına qatılmayıb.

“Şəhriyar Məmmədyarov bütün yarışlara ixtisar olmadan xüsusi dəvət alıb. Heç birinə, o cümlədən nə yol puluna, nə də yaşama xərclərinə maliyyə xərcləyib. Şəhriyar Məmmədyarovun yüksək statusu var. Dünya şöhrətli şahmatçılardan biridir. O səviyyəli, o statuslu şahmatçılar heç vaxt öz hesablarına heç bir yerə getmirlər. Əksinə, əlavə olaraq Şəhriyar Məmmədyarov kimi şahmatçıya şahmat təşkilatçısı xüsusi şərtlər təklif edir. Xüsusi şərtlərin nə olduğunu özünüz də araşdıra bilərsiz”.

Vitse-prezident tanınmış şahmatçının nə üçün kəskin formada etiraz etməsinə də aydınlıq gətirib.

“Yalan sözü işlətmək istəmirəm. Şəhriyar Məmmədyarovun Azərbaycan dövləti qismində çox özəl sponsoru var. Bu o demək deyil ki, Şəhriyar Məmmədyarovun əlavə kommersiya xarakterli sponsorlara ehtiyacı yoxdu, yaxud da  layiq deyil. Bu adam dahi şahmatçıdır. Nəyə görə yazdığını deyə bilmərəm. Bu adam çox güclü rəqiblərlə oynayır. Ola bilsin ki, yorulub. Ola bilsin ki, doğrudan da xüsusi fikirləri var. Şəhriyar Məmmədyarov misilsiz şahmatçıdır. Bunu bilməlisiniz! Şəhriyar Məmmədyarovla gündəlik təmasdayıq. Siz heç yuxudan narahat oyanmırsınız? Heç probleminiz olmur? Bu insan ən ağır turnirdə oynayır. Yorulub...”.

 





27.08.2018    çap et  çap et