Bu haqda məşhur rəvayət də var. Bir kasıb kişi hər səhər arxın üstündəki körpüdən keçib işə gedərmiş. Hər dəfə körpünün düz ortasına çatanda dayanıb əllərini yuxarı qaldırar, ucadan göyə yalvarardı: “Ay Allah! Nə olardı, mənim üçün bir xəzinə göndərərdin, canım kasıbçılığın əlindən qurtarardı." Hər səhər eyni yerdə, eyni sözləri deyib yolunu davam edərdi. Körpüdən xeyli aralıda varlı bir kişi adəti üzrə hər səhər dükanlarını açar, nökərlərə, satıcılara göstərişlərini verər, sonra da çıxıb gedərdi pulunun üstünə pul qoymaq üçün başqa işlərlə məşğul olmağa. Hər dəfə də aralıdakı o körpünün üstündə əllərini yuxarı qaldıran kişi diqqətini cəlb edərdi. Bir gün varlı dözməyib adətini pozur, səhər tezdən dükanlarını açmaq əvəzinə gedib o körpünün altında gizlənir ki, görsün bu kişinin Allahdan diləyi nədir? Məlum edir ki, kişinin istədiyi xəzinədir.
Varlının xətrinə həm xeyirxahlıq etmək, həm də azca zarafat etmək düşür. O biri günün səhəri qızıl-gümüş, daş-qaşla dolu torbanı aparıb qoyur o körpünün üstünə və gizlənir körpünün altında. Gözəl yaz havası olur, quşlar cəh-cəh vurur, göyün üzündə bir dənə olsun bulud olmur, tər-təmiz, aydın... Budur, taleyilə barışa bilməyən kasıb uzaqdan zümzümə eləyə-eləyə gəlir və körpüyə çatanda birdən dayanır, oxumağını saxlayır. Ağlına nə gəlirsə, öz-özünə deyir: "Hər gün bu körpünü gözüaçıq keçirəm. Görəsən, gözümü yumsam, yıxılmaram ki?!”
Körpünün kənarlarından tuta-tuta o biri taya keçə bilir. Ona görə də körpünün ortasında onu gözləyən xəzinəni görmür, heç ayağı ilə də ona ilişmir.
Bundan sonra varlı kasıb kişinin dalınca baxıb deyir: “Kasıb elə ağlının kasıbıdır!”
Zarafat bir yana, o qədər sadəlövh adam olar ki, indiki dövrün virtual şirnikləndirici fırıldaqlarına qurban gedər. Belələrinə qarşı nə etmək mövzusunda məsləhəti olan mütəxəssislər varsa, onların məsləhəti də faydalı olardı.