O, deyib ki, 55 ailə ilə müqavilələr imzalanıb və evlərinin sökülməsinə görə onlara çatacaq kompensasiya bank hesablarına köçürülüb. Həmin 55 ailədən 30-u artıq pulunu bankdan çıxarıb.
Səməd İslamov qeyd edib ki, köçməyə razılaşmış 55 ailənin əksəriyyəti mənzil sahəsi geniş olanlardır və onlar böyük məbləğdə kompensasiya alıblar.
Komissiya sədri deyib ki, ərazidə sökülməsi planlaşdırılan obyektlərin qiymətləndirilməsi hələ aparılmayıb: «Baş nazirin müavini Abid Şərifovun və digər rəsmilərin fevralın 18-də «Sovetski» sakinləri ilə keçirdikləri görüşdə obyektlərin qiymətləndirilməsi məsələsi də qaldırıldı. Hələlik obyektlərin sahəsini ölçməmişik və qiymətləndirməmişik. Obyektlərin hər kvadratmetrinə görə neçə manat kompensasiya təklif olunacağı dəqiqləşməyib. Bununla bağlı müəyyən suallar, problemlər var və hələlik həllini tapmayıb.
Vətəndaşlar da bəzi məsələlər qaldırıblar. Hesab edirəm ki, bütün bu məsələlər martın 3-də, «Sovetski» sakinlərinin qaldırdığı məsələlərə, irəli sürdükləri təkliflərə rəsmi cavab veriləndə həllini tapacaq. İşi mərhələ-mərhələ həyata keçirməyi planlaşdırırıq».
Qeyd edək ki, təkliflərə martın 3-də cavab verilməsi 18 fevral görüşündə razılaşdırılıb. Baş nazirin müavini Abid Şərifov müvafiq dövlət orqanlarına martın 3-dək təklifləri araşdırıb rəy verməyi tapşırıb. Səməd İslamov təklifləri araşdıran qurumlardan birinin də Yasamal Rayon İcra Hakimiyyəti olduğunu deyib.
Bütün rəy və təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Abid Şərifovun rəhbərlik etdiyi komissiya rəylərlə tanış olacaq və martın 3-də sakinlərə rəsmi cavab veriləcək.
«Sovetski»dəki tarixi abidələrin, ev muzeylərinin sonrakı aqibəti çoxlarını düşündürür. Şamil Əzizbəyli küçəsindəki bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin taleyi də bu qəbildəndir. Muzeyin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov bizimlə söhbətində bildirdi ki, söküntü işləri ilə bağlı hər hansı xəbərdarlıq almayıblar.
Direktor əmindir ki, dahi bəstəkarın yadigarına toxunulmayacaq: «Muzey mərhum Heydər Əliyevin göstərişi ilə yaradılıb və buranın ilk ziyarətçisi də o olub. Mərhum prezidentimiz sağlığında həmişə bu muzeylə maraqlanıb, qayğısını əsirgəməyib. İnanmıram ki, bu tarixi binanı sökmək barədə qərar versinlər».
Ev muzeyinin əsas fondunda 8080, elmi köməkçi fondda 3466 əşya saxlanılır. 272 eksponat isə ev muzeyin daimi ekspozisiyasında nümayiş olunur. Fonddakı əşyalar arasında Üzeyir bəyin əsərlərinin ilk əlyazma not nüsxələri, həyat yoldaşı, sənət dostları, tələbələri ilə yazışmaları, şəxsi kitabları, əşyaları, musiqi alətləri, ona verilən müxtəlif hədiyyələr yer alıb.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da «Sovetski»nin tarixi abidələri saxlanmaq şərti ilə ərazinin təmizlənəcəyini deyib: «Dövlət buradan hər hansı qazanc götürmür. Belə bir niyyət yoxdur. Bu iş sadəcə olaraq vətəndaşların şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilir. Vətəndaşların rahatlığı üçün nəzərdə tutulan iş niyə narazılıq doğurmalıdır?»