Avqustun 25-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışı olub.
“Azərxalça”nın rəhbəri Vidadi Muradov dövlətimizin başçısına ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bir çox bölgələrdə xalça müəssisələri inşa edilir. “Azərxalça”nın Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələri istifadəyə verilib. Dövlət başçısının sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub.
Prezident İlham Əliyev xalçaçılarla görüşdə vurğulayıb ki, dövlət tərəfindən xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görülür: “Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər - hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var”.
* * *
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Məlumat verilib ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır.
Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Muzeydə Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur.
Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.
Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları yaradılıb, qala və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini məbədlərindən olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub.
* * *
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində də iştirak ediblər. Daha sonra dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşüb, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıc qəsəbəsində inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxıblar, sənətkarlarla söhbət ediblər.