Qərar açıqlandıqdan sonra Nərimanoğlu Lent.az-a müsahibəsində həm əvvəlki açıqlamasına, həm də TFF-in müraciətinə mənfi cavab vermələrinə aydınlıq gətirib:
- “Qalatasaray” – “Fənərbağça” matçının Bakıda təşkilinə ilkin razılıq verdiyiniz halda, fikrinizi dəyişməyinizə səbəb nə oldu?
- Mən heç vaxt “Oyun böyük ehtimalla Bakıda keçiriləcək” deməmişəm. Adımdan gedən açıqlamalarla tanış deyiləm. Yalnız onu bildirmişəm ki, belə bir təklif aldığımız üçün şadıq və böyük qürur hissi keçiririk, amma müraciətə baxılacaq və iyunun 3-dək müvafiq qərar veriləcək.
- Nəyə görə məhz iyunun 3-dək?
- Çünki TFF müraciətində xahiş etmişdi ki, cavabımızı iyunun 3-dək verək.
- TFF-in təklif etdiyi avqustun 11-dək 2 aydan çox vaxt var. Məgər bu qədər müddət hazırlıq üçün yetərli deyil?
- İyunun 30-dan iyulun 16-dək Bakıda hərbçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. İyulun əvvəllərindən klublarımız Avropa kuboklarında mübarizəyə başlayacaqlar. Azərbaycan millisi isə avqustun 15-də Bakıda Malta ilə yoldaşlıq görüşü keçirəcək. Belə oyunlara hazırlıq üçün xeyli vaxt lazımdır. Üstəlik, bu oyunlarla paralel olaraq, “Qalatasaray” – “Fənərbağça” matçının təşkilati işlərini çatdırmalı idik.
- Amma nəzərə alın ki, sadaladıqlarınızın əksəriyyəti Superkubok matçının keçirilməsi ehtimal olunan Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilməyəcək. Üstəlik, bu yarışların səviyyəsi İstanbul derbisi ilə müqayisə oluna bilməz...
- İstənilən yarışa hazırlıq üçün xeyli vaxt lazım gəlir. Məsələn, hazırda 17 yaşadək yığmalar arasında keçirdiyimiz “Caspian Cup”un hazırlıqlarına ötən ilin noyabrından başlamışıq. 2012-ci il 17 yaşadək qızlar arasında dünya çempionatına 2 ilədək hazırlaşdıq. 2016-cı ildə yeniyetmələr arasında keçirəcəyimiz Avropa çempionatının hazırlıqlarına ötən ildən start vermişik. 2020-ci il Avropa çempionatına hazırlıqla bağlı sərəncam bugünlərdə verildi. “Qalatasaray” – “Fənərbağça” matçının təşkilati işlərinə də 2 ay yox, daha çox vaxt lazımdır. Biz tələm-tələsik iş görə bilmərik.
- Demək, TFF AFFA-ya müraciət edərkən, vaxtın məhdud olduğunu düşünməyib?
- Bu, artıq onlara aid olan məsələdir. Biz onlara qarşı heç bir iradla çıxış edə bilmərik.
- “Neftçi” və “Xəzər Lənkəran” arasında Azərbaycan Kubokunun final matçından sonra baş verənlər, hazırda Türkiyədəki siyasi vəziyyət və ümumiyyətlə, “Qalatasaray” – “Fənərbağça” matçlarının əksərən qalmaqallarla müşayiət olunması qərarınızda nə dərəcədə rol oynadı?
- Əvvəla, AFFA siyasi təşkilat deyil. Digər tərəfdən, biz ümumilikdə təşkilati məsələlər üçün vaxt azlığını nəzərə alaraq, belə bir qərar vermişik.
- Bəs təhlükəsizlik məsələləri?
- Təşkilati işlərə təhlükəsizlik məsələləri də, bilet satışı da, teleyayım da daxildir.
- Növbəti il də belə bir müraciət olsa, razılıq verilə bilər?
- Bu, artıq 2014-cü ilə aid olan məsələdir.