Bölgə əgər Çinin ortasında yerləşsəydi (məsələn, Rusiyada Tatarıstan kimi), inanıram ki, problem yenə qalsa belə, bu dərəcədə kəskinliyi ilə davam etməzdi. Xarici dünya ilə 5600 km uzunluğunda quru sərhədi separatizmə kömək edən amillərdən biridir, bu boyda sərhəd xəttinin etibarlı şəkildə mühafizəsi (bəzi hissələri dağlıq ərazilərdən keçir) mərkəzi hökumət üçün çox çətin vəzifədir.
Ümumiyyətlə, Sincan-Uyğur bölgəsi çox böyük coğrafiyadır, 1 milyon 743 min kv. km. ərazisi ilə Çinin altıda birini təşkil edir. Bura Avrasiyanın mərkəzidir. Bölgə təbii ehtiyatlarla da zəngindir, Çinin quruda hasil etdiyi neftin 30%-i, təbii qaz hasilatının üçdə biri və kömür hasilatının 40%-i bu regionun payına düşür.
Qədim dövrdə İpək Yolunun keçdiyi bu coğrafiya hazırda Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” (“One belt, one road”) meqa proyekti üçün də çox mühüm əhəmiyyətə malikdir. Bu nəhəng, çoxşaxəli layihənin tərkib hissəsi olan "İpək Yolu iqtisadi kəməri" çərçivəsində yaradılacaq 3 transavrasiya iqtisadi dəhlizindən biri - şimal dəhlizi (Çin-Orta Asiya-Rusiya-Avropa) buradan keçəcək. Layihədə mərkəzi rolu məhz bu dəhliz oynayacaq. Bölgə 15 quru limanı (yük terminalı) və iki hava limanı ilə çox önəmli logistika məntəqəsidir.
Söhbəti uzatmadan deyim ki, bu bölgədə separatizm, qeyri-sabitlik ABŞ-a sərf edir, bunun üçün uyğurların tam əzilməsinə yol verməmək lazımdır. Çin isə burada dəmir intizam və möhkəm sabitlik yaratmaq istəyir ki, həyati önəmə sahib layihələrini gerçəkləşdirə bilsin, həm də, təbii ki, ərazi bütövlüyünü qorusun.
Ümumiyyətlə, Çinin quru və dəniz sərhədlərinə diqqət etsəniz, görərsiniz ki, orada ya qeyri-sabitlik var; Çin ya həmin həmsərhəd ölkələrlə problem yaşayır; ya da ABŞ orada güclənməyə çalışır, hərbi bazalar yaradır və s... Yəni bir növ, mühasirə vəziyyəti. ABŞ-ın mühasirə həlqəsini daraltmaq, Çinin isə mühasirəni yarıb dünyaya açılmaq cəhdləri davam edəcək.