Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən indeks avqust ayının minimum səviyyələri ətrafında ticarət edilməkdə davam edir. Belə ki, EUR/USD məzənnəsi 1.17-1.16 faiz aralığında, funt sterlinq/dollar cütlüyünün qiyməti 1.30 dollar ətrafında dalğalanmaqdadır. Lakin digər inkişaf etməkdə olan dövlətlərin milli valyutalarına nisbətdə isə bahalaşır. Nəticədə Rus rublu və Türk lirəsi müvafiq olaraq 2 və 14 faiz dəyər itirib.
Cari tendensiyaya təsir edən fundamental amil, beynəlxalq platformada Amerika ilə digər ölkələr arasında ticarət münasibətlərinin yenidən formalaşdırılmasıdır. Bu fonda yaranan siyasi gərginliklər və iqtisadi risklər də ölkə valyutalarının qiymətlərində öz əksini tapır.
Dolların aparıcı valyutalara nisbətən orta qiymətini ölçən indeks avqust ayının minimum səviyyələri ətrafında ticarət edilir. ABŞ hökumətinin Mərkəzi Bankın siyasətini tənqid etməsi, dolların aparıcı valyutalar arasında ucuzlaşmasına səbəb olmuşdur və iyul ayının minimum səviyyələrinə kimi də 1% ucuzlaşması ehtimalları artır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.