Sürücü bildirirdi ki, pul (rüşvət) vermək imkanı olmadığına görə ona torpaq sahəsi verilmir ki, bir balaca daxma düzəldib ailəsinin yarısını ora köçürsün.
Nə isə, uzun məktub idi...
“Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov Bakıda həmin ərizənin üstünə “Zona müxbiri Kərim Kərimliyə! Xahiş edirəm araşdırıb material hazırlayasınız!” dərkənarı yazıb Şuşaya - mənə göndərmişdi. Mən də bu məsələ ilə tam ciddi şəkildə məşğul olmağa başladım. Təxminən 1 ilə yaxın müddətdə inadla, israrla, iradə ilə çalışandan sonra həmin sürücüyə pulsuz-rüşvətsiz torpaq sahəsi verilməsinə nail oldum. Lakin təəssüf ki, çox tezliklə müharibə qızışdı və o böyük ailə başçısı, ağsaqqal sürücü orada ev tikdirə bilmədi. Yurd yerinə tökdüyü daş-kərpic, qum-sement və başqa tikinti materialları da tələf oldu, düşmənə qaldı...
İndi dostların paylaşdığı bu şəklə baxıram və düşünürəm... Qəhər məni boğur ki, düşmən gəlib Şuşanın ətəklərində dayanmışdı, amma yenə də insanların qanuni haqqını bəzi məmurlar pulsuz-rüşvətsiz vermirdi...
Bəli, Vəzirov küçəsindəki indi dağılmış şəkildə olan, böyük ailə başçısı və özünə, ailəsinə doğma torpağında ev tikmək səadətinə, haqqına qovuşa bilməyən sürücünün də yaşadığı həmin o binanın şəklini gördüm və o əhvalat yadıma düşdü...
Təəssüf!...
O gün gələcəkmi?...