“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində irəliləyiş var”.
O həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydança rolunu oynamalıdır.
Maraqlıdır, ATƏT sədri münaqişənin həllində irəliləyiş olduğunu deyərkən nəyi nəzərdə tutub?
Cənubi Qafqaz regionu üçün Qarabağ münaqişəsinin bitməsi gözlənilirmi?
Modern.az saytı ATƏT sədrinin açıqlmasına münasibət öyrənməyə çalışıb. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov saytımıza açıqlamasında deyib ki, irəliləyiş üçün heç bir əsas yoxdur.
“Əvvəla, bu adamın təşkilatda rolu, həmçinin təşkilatın nüfuzu və təsiredici qüvvəsinin nədən ibarət olduğunu bilməliyik. O zaman başa düşəcəyik ki, bu cür bəyanatlar məzuniyyət mövsümü bitəndən sonra daimi şurada keçirilən iclas zamanı baş verir. Orada müxtəlif məsələlər müzakirə olunur. Təbii ki, ümumi siyasi məsələlər də müzakirə predmetinə daxildir. Bu cür bəyanatlar əsasən həmsdərlərin verdiyi məlumat əsasında baş verir. Onlar elə hesab edirlər ki, bəzi məsələlərdə guya irəliləyiş mövcuddur. Hətta onlar üçün Paşinyanın bəzi populist bəyanatları, xüsusilə xanımının bəyanatları münaqişənin həllində irəliləyiş deməkdir. Biz hesab etməliyik ki, irəliləyiş üçün heç bir əsas yoxdur. ATƏT təşkilat olaraq BMT-nin mandatını alıb vasitəçilik rolunu oynayır. Təşkilat olaraq isə region saziş təşkilatı adlı termin var. Onun heç bir nüfuzu yoxdur ki, kimisə sülhə məcbur eləsin. Sadəcə olaraq onlar danışıqlar üçün şərait yaradırlar”.
Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu cür bəyanatları çox görmüşük.
“25 il ərzində onlar o qədər təkliflər irəli sürüb, danışıqlar üçün fikirlər səsləndiriblər ki, heç biri demək olar Ermənistan tərəfindən qəbul olunmur. Bu zaman ortaya sual çıxır. Əgər bu təkliflərin heç biri qəbul olunmursa, BMT-nin adından alınmış o mandata cavab vermək lazımdır ki, Ermənistan bu təklifləri qəbul etmir. BMT-yə məruzə olunmalıdır. Bu, baş vermir. Hər il bu cür bəyanatlar səsləndirib deyirlər ki, filan məsələdə irəliləyiş mövcuddur. Bilirsiz, bu məsələlərə bir qədər fərqli rakursdan baxmaq lazımdır. Kimsə kiməsə salam verib, yaxud da səmimi görüntü olaraq əlini sıxıb. Bundan dolayı bu cür bəyanatlar meydana çıxır. Əslində bu cür bəyanatları çox görmüşük. Ona görə də heç bir əsası yoxdur”.