Dünən «Neftçi»nin «İnter»lə qarşılaşmasını izlədim. Mahir Şükürovu, Karlos Kardosonu meydanda görmədim. Güman ki, bu futbolçular hansısa qeyri-etik hərəkətlərinə görə rəhbərlik tərəfindən də cəzalandırılıb. Axı, «Neftçi» rəhbərliyi intizama diqqət edən, hər kəsə hörmət edib, hörmət görən şəxslərdən təşkil olunub.
Oyundan sonra keçirilən mətbuat konfransında dediklərinizi də oxudum. Demisiniz ki, «İnter»in axırıncı dəfə «Neftçi»ni nə vaxt udmağı yadıma gəlmir». İşinizin gərginliyini, işdən-gücdən, məşqdən baş aça bilməyib, düşünməyə vaxtınızın olmadığını hiss etdim. Bu səbəbdən arxivə nəzər yetirdim. Öz-özümə «İnter»in axırıncı dəfə nə vaxt «Neftçi»ni udmağını düşündüm. FİFA-dan vurdum, AFFA-dan çıxdım. Amma bu qələbəni tapa bilmədim ki, bilmədim.
50-ci illərin oyunlarını araşdırdım, yenə də «Neftçi»nin «İnter»ə məğlub olduğunu görmədim. Hətta repressiya dövrünə də qayıtdım, sonra anladım ki, uzaqda axtarınca, yaxına nəzər salmaq lazımdı. 2011/12 mövsümündən başladım və dünəndə dayandım. Gördüm ki, yox, sən demə, Böyükağa müəllim doğrudan da arxivi qurdalamağa vaxt tapmır. Ona görə mən axtardım, deyim, siz də bilin.
Böyükağa müəllim, «Neftçi» bu günə qədər 37 dəfə «İnter»lə qarşılaşıb. 99-cu ildən bu yana baş tutan görüşlərin 9-da «İnter» «Xəzər Universiteti» adı ilə çıxış edirdi. Bu 37 görüşün 19-də sizin baş məşqçisi olduğunuz komanda meydanı qələbə ilə tərk edib. 11 oyunda isə hər iki komanda bir xalla kifayətlənməli olub. Qalan 7 görüşdə «İnter» tərəfi qələbə qazanıb. Amma Böyükağa müəllim, mən dünənki oyunu hesaba qatmadım. Daha dəqiq məlumat verim. «İnter» sonuncu dəfə cari çempionatın 14-cü turunda «Neftçi»ni məğlub edib - 3:1. Yəqin ki, bu məğlubiyyəti unutmamısınız. Bəlkə yadınıza düşməz, çünki o vaxt Nazim Süleymanov baş məşqçi idi, siz də müşavir.
Amma «İnter»in sizin başçılıq etdiyiniz komandanı udmasını nəzərdə tutursunuzsa, onda vəziyyət dəyişir. Çünki sizin başçılığınızla «Neftçi» axırıncı dəfə 2011/12 mövsümündə «İnter»ə məğlub olub ki, bu da ikinci dövrəyə təsadüf edirdi (17.12.2011, 2:1)..
Düşünürəm ki, məktubumu oxuduqdan sonra «İnter»in «Neftçi»yə nə vaxt qalib gəldiyini xatırlayarsınız. Əgər siz mətbuatı izləmirsinizsə, ümid edirəm ki, Gündüz Abbaszadə yazdıqlarımı sizə çatdırar. Ancaq siz də yadınıza salın: görün «Neftçi» axırıncı dəfə kimin başçılığı altında və nə vaxt zirvədə olub?