Tədbirdə Cənubi Qafqazda milli azlıqların hüquqları başlığı altında və öncədən təqdim olunmamış gündəlik əsasında, iki erməni əsilli natiq olmaqla, Dağlıq Qarabağ mövzusunda 5 çıxış edilib, həmçinin Azərbaycanda milli azlıqların hüquqlarının pozulması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarında qeyri-konstruktiv mövqe göstərməsinə dair bəyanatlar səsləndirilib.
Avroparlamentari Ksaba Soqor açılış çıxışında milli azlıqların yaşadıqları ölkəyə sədaqətindən və torpaqlarına bağlılığından danışıb. UNPO baş katibi Marino Busdakin (Marino Busdachin) və UNPO proqram rəhbəri Mod VanVallegem (Maud VanWalleghem) Cənubi Qafqazda milli azlıqların yaşayış şəraiti ilə bağlı məlumat verərkən Azərbaycan haqda qərəzli mövqe nümayiş etdiriblər.
«Caucasus İnterface»in direktoru Mişel İvor (Michel İvor) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında işğal olunmuş ərazilərə 7 rayonun da daxil olduğunu, qondarma «Dağlıq Qarabağ respublikasının» yalnız ermənilər üçün nəzərdə tutulduğunu bildirib. Bu baxımdan ermənilərin işğal edilmiş ərazilərin əhalisinin süni yolla artırılması istiqamətində apardıqları siyasətdən söz açıb, qondarma respublikanın «tək millət ideologiyası» əsasında qurulduğunu da qeyd edib.
Talış Milli Hərəkatını təmsil edən Fərqiyə Kərimova və Əlikram Hümbətov qondarma «Dağlıq Qarabağ respublikası» və Ermənistanla əməkdaşlıqlarından məmnuniyyətlərini bildiriblər, Azərbaycanda milli azlıqların hüquqlarının pozulmasına dair çıxışlar ediblər.
Lyon Beynəlxalq Təhlükəsizlik və Müdafiə üzrə Araşdırma Mərkəzinin (Centre Lyonnais d'Etudes de Sécurité internationale et de la Défense) tədqiqatçısı Talin Papazian (Taline Papazian) zəbt olunmuş 7 rayonun sadəcə erməni xalqının təhlükəsizliyinin təminatı üçün zəruri buffer ərazisi olduğunu bildirib və ikitərəfli danışıqlar haqda məlumat verib.
Leuven universitetinin professoru Dirk Roxtus (Dirk Rochtus) da Dağlıq Qarabağ münaqişəsinin sözdə alternativ həll yollarını təqdim edib.
Ümumi Erməni Könüllülər Birliyinin Avropa nümayəndəsi Nikola Tavityan (Nicolas Tavitian) Avropa İttifaqını Azərbaycana təzyiq etməməkdə və münaqişədə zəruri təsir qüvvəsinə malik olmamaqda ittiham edib. O, həmçinin Azərbaycanı ikitərəfli münasibətləri mümkünsüz etməkdə ittiham edib.
Sual-cavab sessiyasına 10 dəqiqədən az vaxt ayırmaqlarına baxmayaraq, təşkilatçılar və çıxışçılar zalda iştirak edən çoxsaylı azərbaycanlıların suallarından yayına bilməyiblər. Azərbaycanlılar təşkilatçıları Azərbaycan tərəfindən çıxışçı dəvət etməməkdə və birtərəfli konfransın təşkil olunmasında, Azərbaycan tərəfindən çıxışçının dəvət olunmamasında, tədbirin elan edilmiş gündəlik və mövzuya uyğun olmamasında ittiham ediblər. Eyni zamanda, erməni natiqlərin çıxışlarına qarşı arqumentlər irəli sürülüb.