Vaxt.Az

Maşın-maşın cehizi var ...


 

Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb

Maşın-maşın cehizi var ... “Qız yükü, duz yükü” deyib atalarımız. Di gəl, atalarımız bu “yük”dən qurtulmaq ərəfəsində cehiz adlı bir yükün altına elə girirlər ki, qız öz qızını ərə vermək yaşına gələnədək, ata onun borcunu ödəməyə məcbur qalır.

Toy adətlərinə daxil olan cehizin tarixi orta əsrlərə qədər gedib çıxır. Nisbətən və ya çox varlı ailələrin qızları üçün cehiz 14-16 yaşlarından hazırlanırdı. Orta əsrlərdə isə cehiz qız doğulan kimi toplanmağa başlanırdı. Doğulan qız vəfat etsə, ona toplanan cehiz evin digər qızına ötürülürdü.

Cehizə əsasən yorğan-döşək dəstləri, yastıqlar, ədyal, pərdələr, müxtəlif qab-qacaq  dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s. daxil edilirdi.

Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına miras olaraq ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayar, xalça, corab toxuyar, saatqabı, tənbəki kisəsi və s. tikərdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən və s. olurdu ) də cehizə qatılardı. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu ər evinə daşıyardılar.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. hazırlanardı. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, oxlov, çanaq, çömçə,çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar da olmalıydı.

El-oba adətinə görə, buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idi.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin inanclarına görə,  gəlinin cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılarmış.

Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.

Adətə görə qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Bu gün dünyada ənənəvi cehiz hələ də mövcuddur, lakin indi böyük hissəsini pul – böyük məbləğlər, üstəgəl bahalı mebel dəstləri, xüsusilə mühüm şəxsi əmlak (avtomobil) və daşınmaz əmlak (ev, mənzil, villa və s.) tutur.

Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması da dəyişməyə başladı. Hazırda “başlıq” o qədər də riayət edilən ənənə deyil. Əvəzində  qız evi maddi durumu imkan verdi-vermədi cehiz ənənəsilə ayaqlaşmağa vadar olur. Müxtəlif mebellər-yumşaq, yataq, mətbəx, qonaq dəstləri, divan-kreslo, paltaryuyan maşın, qabyuyan maşın, soyuducu, televizor, kondisioner və s. hətta gənclərin yaşaması üçün ev alanlar da var.

Bəzən oğlan evi “mən istədiyin qızılları alıram, sən də filan əşyaları cehiz olaraq gətirməlisən” kimi mənasız şərtləri qız atasını borc bataqlığına, illərlə banklara kredit ödəməyə vadar edir.

Aparılmayan cehiz də eləcə gəlin köçən qız üçün tənə rolunu oynayır: “gətidiklərin bu deyil?!”, “atan-anan sənə nə verib ki?!”, “işlətdiklərinin hamısı mənim əşyalarımdır”...

 

“Qızın təhsili, isməti ən dəyərli cehizdir”

 

Modern.az-ın müzakirəyə çıxardığı mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, indiki cəmiyyətin tələbləri tamamilə dəyişib:

“İndiki cəmiyyət 40-50 il əvvəlki cəmiyyətlə tamamilə fərqlənir. İndi nikaha daxil olan insanlar üçün ailənin fəlsəfəsi izah edilməlidir. Əvvəllər standart ailə modeli vardı. Hamı bilirdi ki, gəlin köçən qız özü ilə nələrisə gətirəcək, ev-eşik quracaq. Oğlan evinin də özünün üzərinə düşən konkret borclar vardı ki, onları yerinə yetirməli idi. Bir sözlə, hər kəs öz funksiyasını bilirdi. Bu, yüzillər boyu davam etdi. 1970-ci illərdən sonra cehiz məsələləri daha da gücləndi, buna diqqət artırıldı. Sosioloji təhlil etdikdə, indiki cəmiyyətdə buna nə dərəcədə ehtiyac var? Əgər cəmiyyət dəyişilibsə, mürəkəbləşibsə, öz yaşam tərzi, xarakterilə fərqlənirsə, deməli biz ailənin hansı şəkildə dayanıqlı ola biləcəyini araşdırmalıyıq.

İndiki vaxtda ailənin dayanıqlığı üçün əsas cehiz deyil. Əsas bəy ilə gəlinin arasındakı münasibətlərdir, hörmətdir, sevgidir, onların üstünlük verdiyi dəyərlərdir. Əvvəl valideynlər cehizi verirdi ki, gənclərin ailədə rahat yaşamasına şərait olsun, ora-bura qaçmasınlar. İndi ailə quranda rahatlıq gətirən əsas komponentlərin nə olduğuna diqqət yetirmək lazımdır. İndi qızın təhsili, xarakteri daha üstün olmalıdır. Təbii, valideynlər imkan daxilində gənclərə kömək etməlidirlər. Bu bir sosial dəstəkdir”.

 

“Cehiz borcu qurtarmamış gənclər boşanır”

 

Ə.Qəşəmoğlu imkan olmadığı halda qıza bahalı cehiz verilməsi üçün borca girməyi doğru saymır:

“Axı nə ehtiyac var, bu artıq gülüncdür. İmkanın nəyə çatır, onu da ver. Elə etmək lazımdır ki, ailə öz-özünü təmin edə bilsin. Məşhur yapon sözü var : bir insana balıq verməzlər, balıq tutmağı öyrədərlər. Yəni biz ailəni o prinsip üzərində qurmalıyıq ki, ailə öz-özünü təmin etmək iqtidarında olsun. Atalar var, böyük borca girir, bankdan kredit götürürlər. Toydan əldə edilən az miqdarda gəliri aparıb banka verir, hətta borclu qalırlar. Borc qurtarmamış da gənclər boşanmaq qərarı verir. Bu baxımdan cehizə verilən pul gərəksiz yükə çevrilir. Ailə dağılsa da, sən o borcu illərlə ödəməli olursan. Hətta bəzi insanlar ödəniş edə bilmədiyi üçün çox böyük depressiyalara da düşür, aləm qarışır. Deməli, indi biz daha çox ailənin möhkəmliyinə kömək edəcək şeylərə üstünlük verməliyik. Əvvəllər də cehizin verilməsində məqsəd yeni ailənin sosial-iqtisadi problemlərinə dəstək üçün verilirdi. İndi isə məsələ daha çox dəb, yarışma halını alıb. Bu gün ərə gedən bir qızın aldığı təhsil, əxlaqı ən bahalı cehizdən üstündür”.

 

“Gəlinimə cehiz gətirməyə icazə vermədim”

 

“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, indiki halda ailə münasibətlərinə ən çox mənfi təsir edən amildir:

“Cehiz dəstək xarakteri daşımalıdır. Bir insanın bütün həyatını təmin etmək, yaxud yoxdursa, onun həyatını məhv etmək xarakteri daşımamalıdır. İnsanlara şərait yaratmaq lazımdır ki, həyatda stimul qazanmaq imkanları olsun, yeniliklər gətirsinlər. Əslində illər əvvəl də, indi də cehiz gənclərə dəstək məqsədi daşıyıb. Əvvəllər də ən azı yorğan-döşək, çarpayı, qab-qaşıq və s. verilib. Bu mənada ki, gənc ailə öz ehtiyaclarını ödəyə bilsin. İndiki halda cehiz məsələsi ifrat hal alıb. Məsələn, mən evimdə hər şey vardı deyə, gəlinimə nəsə gətirməyə qoymadım. Kasıb da ailə idi. Evimdə olan bir əşyanın eynisini qarşımdakının imkanı olmadığı halda almağa vadar etmək insanlığa sığan bir şey də deyil axı. Artıq əşyaları evimə nəyə görə yığmalıydım və yığıb nə edəsiydim? Məsələ budur. Heç vaxt da bizim bu barədə müzakirələrimiz olmur”.

 

Cehizsiz qız həmişə qayınananın hədəfində...

 

Müsahibimiz cehiz aparmayan qızın aqibətinin heç də həmişə yaxşı olmadığı qənaətindədir:

“Çox təəssüfedici və üzücü haldır ki, cehiz gətirməyən qızla bağlı xoşagəlməz fikirlər irəli sürülür. Hər dəfə nəsə narazılıq yarananda “heç nə gətirməmisən”, “gətirdiklərin budur” deyib onun başına qalxmaq, imkansızlığını üzünə vurmaq, insanın həyatını cəhənnəmə döndərməyə qədər gedib çıxır.

Əgər evində əşyaları olduğu halda, onları küçəyə atıb yenilərini tələb etmək nə anlam daşıyır? Bu yeni ailəyə hansı xoşbəxtliyi gətirəcək? İnsanlara imkan vermək lazımdır ki, həyatlarına yenilikləri özləri gətirsin. Əgər eyni, sabit bir şey olacaqsa, o insanların həyatda stimulu olmayacaq. Məncə bu, zərərli bir adətdir və gəncləri asılı vəziyyətdə qoyur. İnsanların gələcəklə bağlı düşüncələri formalaşmır. İnsan problemsiz də yaşayanda ailədə münasibətlər gərginləşir. Axtarış, yenilik, seçim imkanı verilmir insanlara. Valideyn alır, qoyur, deyir mənim seçimimdir. Ağır, bahalı mebelləri alınır, kimə lazımdır bu? Dəstəkdirsə olsun, amma bu, göstərişə çevriləndə ifrata varılır. Mən bu məsələlərin əleyhinəyəm. Heç qızıma da cehiz vermək fikrim yoxdur. Əgər nəsə almaq istəyirlərsə, onun özünə görə alsınlar. Şəxsi keyfiyyətlərinə görə onu seçsinlər. Yoxsa anası yaxşə cehiz verəcək deyə qapıma gəlməsinlər. Heç ona imkanım da yoxdur. Bir də özüm işlətsəm də “almaq” sözü gələndə sözün əsl mənasında əsəbiləşirəm. Elə bil kartof , soğan alırlar. Elə oğlan tərəfi “səni alıram” deməklə qıza yaxınlaşanda ən aşağılayıcı münasibəti sərgiləyir. Mən qəti olaraq demişəm ki, qızım üçün hansısa tələblər irəli sürülərsə, onlardan imtina edəcəyəm. Çünki mən bu saatdan sonra nə borca girəsiyəm, nə öz həyatımı zəhərləyəsiyəm, nə də onların. Zəhmət çəksinlər özləri öz gələcəklərini seçim imkanları olaraq həyata keçirsinlər”.

Cehiz barədə qeydlər etdik. Vay o günə ki, Azərbaycanda bir ailənin 4 qızı var, belədə ailə rəsmən “bankrot” olur.

Amma ailələri borca salan təkcə cehizdirmi? Kürəkən və ya gəlin üçün qır-qızıl alınması, dəbdəbəli geyim, maşın karvanının təşkili, fotoçəkiliş üçün vəsait, restoran xərcləri və s…. Toydan sonra bunların stressini yaşayanlar, depressiyaya düşənlər onlarladır. Çünki əksər hallarda belə ailələr aylarla, illərlə borc içində üzürlər.

Gülşən RAUFQIZI

 





03.09.2018    çap et  çap et