Paşinyan 4 aydır ki, öz hakimiyyətindən daha çox köhnə problemlərini həll etmək istifadə edir. Paşinyana əsas rəqib kimi keçmiş prezidentlər Robert Köçəryan və Serji Sərkisyan, həmçinin Qarabağdakı separatçıların lideri Bako Saakyan kimi görsənsə də, əslində yeni baş nazir üçün kölgədə qalan və toxuna bilmədiyi çox böyük bir rəqib var. Bu Ermənistan prezidenti Armen Sərkisyan.
Son zamanlar baş nazirin əleyhdarları prezidentin ətrafında cəmləşməyə başlayıb. Təsadüfi deyil ki, ölkədə artıq bir müddətdir baş nazirin səlahiyyətlərinin bir hissəsinin prezidentə verilməsi barədə təkliflər səsləndirilir. Əslində anti-paşinyançıların Sərkisyanın yanında yer alması ağıllı işdir. Baş nazir nə qədər demokratik görsənsə də rəqiblərini həbs edib yox edəcək qədərdə avtoritar bir siyasətçidir. Erməni millətçiləri və cəmiyyətdə hörməti olan erməni ziyalıları da Paşinyana müsbət imiclə baxmır. Həqiqətən də Paşinyanla Sərkisyanı müqayisə etdikdə aralarında çox böyük fərq var (söhbət Armen Sərkisyandan gedir).
Biri yüksək təhsil görüb, geniş biznesi var. Həm Rusiyada, həm Qərbdə güclü əlaqələrə malikdir, yüksək vəzifələrdə işləyib, ölkənin baş naziri olub, mühüm diplomatik görəvlərdə çalışıb və ən əsası xalqla rəftarı yaxşı bilir. Digəri isə keçmiş müxalif jurnalistdir, işi-gücü iqtidarı söymək və mitinq meydanlarında döyülmək olub. Sadə xalqın da artıq Nikola olan etimadı azalıb. 4 aylıq bir dövrdə ölkədə müsbətə doğru heç bir dəyişiklik baş verməyib. İqtisadiyyatdakı çöküş davam edir.
Ermənistanın Rusiya ilə münasibətləri pozulub, Azərbaycanla danışıqlar dondurulmuş vəziyyətdədir. Qarabağdakı separatçılarla İrəvan arasında böyük uçurum yaranıb, ölkə daxili siyasi böhranın təlatümündədir. Hazırda ermənilər indiki ilə keçmiş hökumətlərin savaş dövrünü yaşayır. Kimin qalib gələcəyi isə qeyri-müəyyəndir. Çünki bir qrup Kremldən, bir qrup isə Qərbdən dəstək alır. Belə olan halda insanların prezidentin ətrafında cəmləşməsi anlaşılandır. Paşinyan Sərkisyana hazırki vəziyyətdə heç nə edə bilməz. Baş verəcək yeni seçkilərdə Sərkisyanın fərqli siyasi qüvvələrlə ittifaqı Paşinyanın sonu ola bilər.
Zənnimcə, prezident parlament seçkilərində Daşnaküstyun Partiyası və İrs Bloku ilə gizli sövdələşməyə gedə bilər. Paşinyanın hökumətinin devrilməsində Respublikaçılar və Firavan Ermənistan partiyaları da maraqlıdır. Paşinyanın sonunu gətirmək isə yalnız tərəflərin iş birliyi sayəsində olacaq. Bu hərəkata rəhbərlik edəcək şəxs isə Armen Sarkisyandır. Tək şərti isə prezident səlahiyyətlərinin çoxaldılması olacaq. Düzdür, müxaliflərdən qabaq Paşinyanda Sərkisyanla razılığa gələ və səlahiyyətlərinin bir hissəsini ona verə bilərdi. Ancaq o, bundan imtina etdi və bu yaxınlarda etdiyi açıqlamada səlahiyyətlərindən ancaq parlamentin xeyrinə əl çəkə biləcəyini bildirdi.