Vaxt.Az

Ev fırıldağında köhnə metod


 

Azərbaycan tikinti şirkətlərinin «tapıntı»sına çözüm yolları

Ev fırıldağında köhnə metod Dünən Respublika Prokurorluğu daha bir tikinti şirkəti haqqında cinayət işi qaldırıb. Bəlli olub ki, şirkət inşası heç də başa çatmayan binada virtual mənzilləri bir neçə nəfərə satıb. Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma həmin evlərin bir neçə sahibi var. Söhbət heç də müştərilərdən getmir, məhz pul ödəyib evsiz qalan sahiblərdən gedir.

Yəqin ki, bu «tapıntı» yalnız Azərbaycan tikinti şirkətlərinə xasdir. Dünyanın digər hansı ölkəsində belə fırıldaqçılara rast gəlmək olmaz. Çox acınacaqlıdır: inşa etdiyi mənzillərə kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri hətta bu pul ilə kifayətlənməyərək vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar.

Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var. Bəs, gələcəkdə belə halların qarşısını necə almaq olar?

Birincisi, Ukraynada olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır.

İkincisi, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyatın hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir.

Üçüncüsü, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.

Dördüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir.

Beşincisi, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil.

 





20.02.2014    çap et  çap et