Vaxt.Az

Kritik göstəricilər açıqlanacaq


 

Birjalarda nə gözlənilir?

Kritik göstəricilər açıqlanacaq Bu gün ABŞ-dan açıqlanacaq işsizlik, "NFP" və əmək haqlarında dəyişiklik ilə bağlı önəmli göstəricilər, dünya birjalarında dalğalanmanı gücləndirə bilər.

Dünya valyuta birjalarında avronun məzənnəsi bu gün Amerikadan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi 1.16 dollara ticarət edilir. Dolların lirəyə görə məzənnəsi isə 6.60 bərabərləşib. Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1200 dollaradır.

Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək önəmli statistik məlumatlar özündə Amerikanın işsizlik və avqust ayı ərzində məşğulların sayında dəyişikliyi ehtiva edir. Bununla yanaşı, əmək haqlarında aylıq artım göstəriciləri də səhmdarların diqqət mərkəzindədir.

 

Fundamental göstəricilər haqqında ümumi məlumat

 

Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər səhmdarlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. “NFP” bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, səhmdarlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.

Avqust ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.9 faiz, məşğulluq səviyyəsində 191000 nəfər və əmək haqlarında isə 0.3 faiz artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3 faiz üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir.

ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika Mərkəzi Bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı gözləntinin üzərində sürpriz göstəricinin yayımlanması, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 2 faizə kimi bahalaşmasına təsir edə bilər. İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının daha güclü artımına və dolların bahalaşa biləcəyinə işarədir. Alternativ olaraq isə işsizlik səviyyəsində iyun ayından etibarən müşahidə edilən artım özünü avqust ayında da göstərərsə və ya "NFP" yenidən gözləntilərin altında açıqlanarsa, bu dolların son bir ayın minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb ola bilər. ABŞ-da işsizlik iyun ayında 3.8 faizdən 4.0 faizə kimi yüksəlmiş, iyul ayında yenidən 3.9 faizə kimi azalmışdır. "NFP" isə iyul ayında gözləntilərin altında yayımlanmışdı.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





07.09.2018    çap et  çap et