- «Neftçi» ilə oyun haqda nə deyərdin?
- Çox maraqlı oyun keçdi. Hesab 2:2 oldu, ancaq biz qələbə qazana bilərdik. Şansımız «Neftçi»dən daha çox idi. Elə bil ki, dünən idman xoşbəxtliyi bizdən üz döndərmişdi və qalib gələ bilmədik. Məşqlərdə də çox ciddi hazırlaşırdıq. Bizi çətin oyunun gözlədiyini bilirdik. Bu, futboldu, hər şey ola bilər. Deyirlər ki, yaxşı oynadıq, neçə dəfə qol epizodlarımız oldu, amma qələbə qazana bilmədik. Təbii ki, belə şeylər lazım deyil. Bu oyunda biz qələbə qazanmalıydıq, amma alınmadı.
- İki dəfə önə keçdiniz, amma qələbə hesabını qoruya bilmədiniz...
- Komanda çox gözəl oyun nümayiş etdirdi. Yorğun olsaydıq, «Neftçi»ni bu qədər əks hücumda tutmazdıq. Ancaq müdafiəyə oturub, top uzaqlaşdırardıq. «Neftçi» də irəli atılırdı, hesabı bərabərləşdirməyə çalışırdı. Biz də bir az rahatlaşdıq ki, oyunun sonlarıdı, vaxtın bitməsinə az qalıb. Ola bilər ki, arxayınlaşdıq. Ancaq futbol 90 dəqiqədi. Bu səbəbdən mübarizəni sona qədər aparmaq lazımdı. «Neftçi» isə elə bir komandadı ki, kiçik bir səhvi bağışlamır.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsən?
- Hər halda kamerada da bu görünür. Əgər mən desəm ki, penalti yox idi, adama deyərlər yaxşı bax, gözün görmür. Başla oynamaq istəyirdi, amma zərbə vura bilmədi və top əlinə dəydi. O vəziyyət «Neftçi»nin qapısı qarşısında olsaydı, yenə penalti olardı. Ancaq həmin epizodda topu ayaqla uzaqlaşdırmaq lazım idi.
- Hakimin fitindən sonra topa zərbə endirdin və sarı vərəqə ilə cəzalandın...
- Yox mən topa zərbə endirməmişəm. Sadəcə, top mən tərəfə gəldi, mən də topu əlimə götürüb bir az qabağa atdım.
- «İnter» son turlarda uğurlu çıxış edir. Ancaq əvvəlki dövrələrdə qeyri-sabit oyun göstərirdi. Səncə, bunun səbəbi nədi?
- Çempionat başlayanda başqa taktika ilə oynayırdıq. Həm də komandaya yeni futbolçular gəlmişdi və onlar tam uyğunlaşmamışdı. Artıq taktikanı dəyişdikdən sonra komanda öz oyununu tapıb. Bunun da nəticəsində ardıcıl qələbələr qazanırıq. Yeni futbolçular da artıq özlərini göstərə bilir. Çalışacağıq ki, səhv nəticəsində oyunu əldən verməyək. Əgər biz çempionluq uğrunda mübarizə aparacağıqsa, gərək ən azından məğlub olmayaq.
- Turnir cədvəlindəki mövqeyinizi necə dəyərləndirərdin?
- Hazırda turnir cədvəlinin yuxarı pillələrində olmamağımızın günahkarı özümüzük. Ona görə ki, ilk turlar da məğlubiyyətlərlə üzləşdik. Əvvəlki 6 turda xallar qazana bilsəydik, indi yerimiz fərqli olardı. Buna baxmayaraq, yenə gəlib rəqiblərə çatmışıq. Çalışacağıq ki, qələbələrimizlə «Qarabağ»a da çataq.
- Qrafikin sıxlığı komandaya necə təsir edir?
- Düzdü, oyunlar arasında az vaxt olur. Bu, haradasa futbolçular üçün çətin olur. Həftədə 3 dəfə oyun keçirmək bir az çətin olur. Amma qarşıdakı oyuna qədər futbolçular hazır ola bilir. Bizim komandanın fiziki baxımdan heç bir problemi yoxdu. Toplanışda da bunlar üçün çalışırdıq. Ona görə də bizim komandada heç bir problem yoxdu.