Vaxt.Az

Qalmaqal böyüdü


 

Vaşinqton Trampı pis vəziyyətə qoyan anonimi axtarır

Qalmaqal böyüdü Nüfuzlu “New York Times” nəşrində çıxan qalmaqallı məqalənin anonim yazarının kimliyi ABŞ-ı silkələyib. Bu sual perzident Donald Tramp və administrasiyasını bir-birinə vurub. Tramp bu xəyanətkarın tezliklə aşkar edilməsini və tutduğu vəzifədən azad edilməsini tələb edir. Administrasiyanın üzvləri bir-birinin ardınca bu işdə əlləri olmadıqlarını iddia edirlər. Trampın fəaliyyəti və şəxsiyyətindən narazı olan xalq təbəqəsi isə bu şəxsin kimliyi ilə maraqlanır. Bütün bunları nəzərə alan ABŞ KİV-i bu mövzu ilə qaynayır.

Modern.az ABŞ mediasına nəzər salaraq, bu şəxsin kim ola biləcəyi ilə bağlı ən çox şübhələ sayılan şəxslərin siyahısını təqdim edir.

Anonim müəllifin kimliyi, əsasən də onun rəhbərlikdəki yüksək vəzifəli şəxs olması çoxlarını narahat edir. Burada əsas problem yaradan məsələlərdən biri də onun tək olmamasıdır.

“Mən rəhbərliyin içərisindəki müqavimətin bir hissəsiyəm” – müəllif bildirir.

Müəllifin yazıda özü və tərəfdaşları haqda çox az ipucu verməsi isə bütün ölkəni bir-birinə qatıb. Artıq həm ABŞ xalqı, həm mediası,  həm də rəhbərliyin üzvləri hər kəsdən şübhələnirlər. Nəşrin baş redaktoru Ceyms Daonun onu “administrasiyanın yüksək vəzifəli şəxsi” adlandırması və kimliyini bildiyi halda söyləyə bilməyəcəyini deməsi bu böhranı daha da dərinləşdirir.

Amma yenə də yazıda bəzi diqqət çəkən məqamlar var. Yazarın özlərinə daim “biz” deyə müraciət etməsi onların bir kabinetin üzvləri olduqları fikrini formalaşdırır. Həmçinin, yazı ilə əlaqədar “Twitter” sosial şəbəkəsində nəşrin bu barədə xəbər verərkən müəllifi “he” (o – kişi cinsi) ifadə etməsi də onun kişi olduğu təəssüratını yaradır.

Lakin “New York Times” nəşrinin mətuat katibi Daniel Roades bunu təkzib edib.

“Tvit müəllifin kimliyini və cinsini bilməyən bir şəxs tərəfindən yazılıb. Ona görə də “he”  ifadəsi səhv olub” – Roades bildirib.

Həmçinin, müəllif bəzən bu üzvlərin adminitrasiyada da olduğunu demək olar ki, açıq şəkildə bildirir.

“Administrasiyada bir çox yüksək vəzifəli şəxslər onun gündəminin bir hissəsini və ən pis meyllərini pozmaq üçün içdən səylə çalışır”, – müəllif yazır.

Deməli ilk şübhə altına rəhbərlikdəki şəxslər gəlir. Lakin onlar bu işlə əlaqələrini inkar edirlər.

Vitse-prezident Mayk Pens... O, özünü çox təmkinli aparır və ən əsası Trampdan daha çox mühafizəkar fikirli siyasətçidir. Onun mövqeyi Trampın fikirləri ilə üst-üstə düşmür. Bundan əlavə, Pens məqalədə bir neçə dəfə istifadə olunan “lodestar” (yolgöstərən ulduz) kəlməsindən də az istifadə etmir. Lakin vitse-prezident bütün bunları təkzib edib. O, özünün bu cür diletant əməllərdən üstün olduğunu bildirib.

Dövlət katibi Mayk Pompeo. Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru və Rusiyaya qarşı Trampdan daha sərt mövqe göstərən bir şəxsdir. Buna görə də onun prezidentlə əsasən də son zamanlar fikirlərinin üst-üstə düşmədiyini asanlıqla söyləmək olar. Lakin o, kabinetdə yenidir və buna görə də qruplaşmaya daxil olması bir az əsaslı deyil. Amma yenə də hər şey ola bilər. Pompeo özü bu işdə əli olduğunu qəti şəkildə təkzib edib. Hindistanda səfərdə olan dövlət katibi bunu “kədərli” bir addım adlandırıb.

“Medianın administrasiyanın nüfuzuna zərbələr endirmək cəhdləri ciddi narahatçılıq yaradır” – Pompeo bildirib.

Pentaqon rəhbəri Ceyms Mettis. Tanınmış jurnalist Bob Vudvordun “Qorxu” adlı yeni kitabında onun sözləri də yer alıb. Mettis Trampın beynəlxalq işlərdə və ABŞ-ın dünyadakı rolu barədə uşaq düşüncəsinə malik olduğunu düşünür. Bəzi informasiyalara görə o, Trampın Suriya lideri Bəşər Əsədi öldürmək əmrini yerinə yetirməkdən imtina edib. Lakin Pentaqon rəhbəri bu məlumatı və müqavimətdə iştirakını inkar edir.

Milli Kəşfiyyat İdarəsinin rəisi Den Kouts. O, iki müddət İndiana ştatından senator seçilib və veteran siyasətçilərdən sayılır. Kouts həmçinin 2016-ci il seçkilərinə Rusiyanın qarışması məsələsinə bitərəf mövqe göstərənlərdən biridir. O, Putinlə Trampın görüşünün nəticələri barədə danışarkən “bu xüsusi olacaq” ifadəsi ilə prezidentin qəzəbinə səbəb olub. Kouts da bu işdə əli olduğunu inkar etsə də onun təqib mesajı çox yumşaq səslənir.

“New York Times”'dakı məqalənin mənim və ya birinci müavinim tərəfindən yazıldığına dair fərziyyələr tamamilə yanlışdır. Biz bunu etməmişik”, – təkzib mesajında bildirilir.

Baş prokuror Ceff Sessi. Baş prokuror prezidentin bir çox təkliflərinə məhəl qoymadığı üçün dəfələrlə onun qəzəbinə tuş gəlib. Onların münasibətləri çox gərgindir. Prezident heç kimi bu qədər tənqidlərə məruz qoymayıb. Vudvordun kitabında Tramp onu “əqli cəhətdən geri qalmış” adlandırır və onun cənub aksentini lağa qoyur. Sessi də bu işdə əli olduğunu təqzib edir.

Ağ Evin qərargah rəisi Con Kelli. O, öz işini vətəninə xidmətdə görür. O dəfələrlə prezidentlə fikir ayrılığına görə baş-başa gəlib. Vudvordun kitabında o, Trampı “axmaq” və “başdan xarab” adlandırıb. Kelli prezidentin “yoldan çıxdığını” qeyd edir. Lakin o da anonim mənbə adı ilə məqalə yazdığını təkzib edir.

Bundan əlavə bu işə qarışdıqlarını BMT-dəki daimi nümayəndə Nikki Heyli,  maliyyə naziri Stiven Mnuçin, Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nielsen, Əmək naziri Aleks Akosta və enerji naziri Rik Perri də bildirib.

Görünür bu şəxsin kimliyi hələ ABŞ cəmiyyətini bir müddət daha çalxalayacaq.

Qeyd edək ki, məqalədə Ağ Evdə Trampa qarşı qruplaşma yaradıldığı bildirilib.

Əvəz ZEYNALOV

 





07.09.2018    çap et  çap et