Vaxt.Az

«Sağ olsunlar ki, məni eşidirlər»


 

«Heç bir klub təslim olmayacaq»

«Sağ olsunlar ki, məni eşidirlər» Futbol üzrə Azərbaycan yığmasının və «Qarabağ»ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına müsahibə verib. Müsahibəni Sizə təqdim edirik.

- «Rəvan»la oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Çətin oyun keçəcəyini bilirdik. İlk hissə bizim üçün çətin oldu. Demək olar ki, rəqib qapısına elə də ciddi zərbəmiz yox idi. İkinci hissədə oyunun tempini artırdıq. Kəskin hücumlar təşkil etdik. Nəticədə bizim üçün vacib olan 3 xalı qazandıq.

 

- İlk hissə başa çatanda sizdə belə bir hiss var idimi ki, bu dəfə də «Rəvan» sindromunu qıra bilməyəcəksiz?

- «Rəvan» kimi komandalara qarşı qələbə qazanmayanda, sözsüz ki insanın içində qorxu olur. Birinci hissədən sonra məşqçimiz də bizə tapşırıq verdi ki, tələsməyin, rahat oynayın. Düzdü, ikinci hissənin əvvəllərində 2 qol epizodunu qaçırdıq. Mən də fikirləşirdim ki, yenə bu komandaya qol vura bilməyəcəyik. Ancaq sonradan 2 qol vurduq. Şükürlər olsun ki, qələbə qazandıq.

 

- Oyunda hiss olunurdu ki, axsayırsız. Zədəniz tam sağalmayıb?

- Birdən elə olur ki, oyun zamanı kiçik toqquşmalarda ayağın ağrıyır. Amma belə hər şey qaydasındadı.

 

- Rəqib futbolçular Riçard Almeydaya qarşı aqressiv oynadığından, braziliyalı futbolçu onlara cavab qaytarmaq istəsə də, siz buna imkan vermədiz...

- Komandanın kapitanı olduğum üçün vaxtında lazımlı məsləhətlərim olmalıdı. Uşaqlar da sağ olsunlar ki, məni eşidirlər. Həm də 92-ci dəqiqədə Riçardın sarı vərəqə alması yersiz olardı. Artıq qələbəni təmin etdiyimiz üçün, onu sakitləşdirdim. Braziliyalı və argentinalı futbolçulara qarşı sərt oyun tətbiq edəndə, onlar daha aqressiv olurlar.

 

- 2-ci pillədə qərarlaşan komanda ilə aranızda 4 xal fərq var. Bu, sizdə arxayınlıq yaratmır ki?

- Qarşıda hələ 14 oyunumuz var. Gündən-günə çempionat çətinləşir. Nəzərə alsaq ki, qarşıda çətin oyunlarımız var, 4 xallıq fərq elə də böyük deyil. Xal fərqi 8-9 da olsa, eyni sözü deyəcəm. Əvvəlki illər olsaydı, sizinlə razılaşardım. İndiki zamanda hər bir komanda digərindən xal almağa qadirdi.

 

- Digər rəqiblərin oyunlarının nəticəsi ilə maraqlanırsız? - Çalışırıq ki, oyun gününə qədər maraqlanmayaq. Çünki bu amil psixoloji olaraq komandaya mənfi təsir edir. Biz oyuna 1 gün ərzində hazırlaşmırıq ki. 1 həftə ərzində məşqçilər psixoloji olaraq bizi matça hazırlayırlar. Çalışırıq ki,  oyun gününə qədər rəqiblərimizin qazandıqları nəticə ilə maraqlanmayaq.

 

- Son turlardakı nəticələrə nəzər salsaq görərik ki, əsas rəqiblərinizdən olan «Neftçi» artıq 4-cü pillədə qərarlaşıb. Son çempionun bu xal itkilərini necə qarşıladınız? - «Neftçi» elə «Neftçi»di . Son tura qədər mübarizə aparacaq. «İnter» və «Bakı» kimi komandalar arada 9 xallıq fərq olmasına baxmayaraq, yaxşı mübarizə apardılar. Artıq öz iddialarını da ortaya qoyublar. Nəzərə almaq lazımdı ki, heç bir klub təslim olmayacaq. Axıra qədər də mübarizə aparacaqlar.

 

- Son turlarda baş məşqçi Ulrix Kopolonqonu heç ehtiyat oyunçlar siyahısına da daxil etmir. Bunun səbəbi nədi?

- Komandada hücumçularımızın sayı çoxdu. Jaba Dvali də transfer olunub. 18 nəfərlik heyətdə 2 hücumçu olduğu üçün Kopolonqonu da daxil etsəydi, artıq yarımmüdafiəçilərimizdən birini itirmiş olacaqdıq.

 

- Növbəti turda «Simurq»la qarşılaşacaqsız. Bu dəfə sindromu qıra biləcəksiz?

- «Simurq»la oyun bizim üçün çətin matçlardan biridi. Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edib, qələbə qazanaq. «Simurq» hər zaman əzmkar komanda olub. Xüsusən də liderlərə qarşı yaxşı oyun nümayiş etdirir.

 





20.02.2014    çap et  çap et