Vaxt.Az

Əbədi müasirimizin 133 yaşı


 

O, aralandıqca daha nəhəng görünür

Əbədi müasirimizin 133 yaşı Onsuz yaşadığmız illərin sayı artıq onun bizimlə birgə olduğu illərin miqdarından çoxdur.70 ildir ki, Üzeyir bəysizik. Onun ömür yolu isə 63 il sürüb.

Amma 1948-ci ildən, Üzeyir bəy gözlərini əbədi yumandan bəri elə bir ay, elə bir gün varmı ki, onun doğurduqları bizimlə olmasın?

Mən Üzeyir bəy Hacıbəyli haqqında ilk iri həcmli verilişimi hazırlayanda tələbə idim və 1975-ci il idi.

Bu müstəsna şəxsiyyətin vəfatından hələ 27 il ötürdü.

O, məsafəcə bizə çox yaxın idi.

Onunla təmasda olmuş neçə-neçə insan həyatda idi, Üzeyir bəyli səmimi xatirələrini bölüşürdülər və onu necə heyranlıqla, nə qədər əfsanəvi bir şəxsiyyət kimi təsvir etsələr də, bu nəhəng yaradıcını bizdən çox da uzaq olmayan bir zamanın insanı kimi təsəvvür edirdik.

Onillər keçib, indi Üzeyir bəyi canlı görmüş, onunla ünsiyyətdə olmuş xoşbəxtlərdən sağ qalanlar barmaqla sayılacaq qədər seyrəkdir.

Uzaqlaşdıqca gördüyümüz hər nə varsa, adətən nəzərlərimizdə kiçilməyə başlayır.

Ən əzəmətli bir tikili olsun, ya qocaman bir çinar, sən ondan nə qədər çox aralansan, bir o qədər xırda görünəcək və daha çox uzaqlaşdıqca isə nəhayətdə büsbütün gözdən itəcək.

Üzeyir Hacıbəyli isə bu millətin o nadir incisidir ki, vaxtca, məsafəcə bizdən aralandıqca daha nəhəng görünür.

Çünki hər ötən anla o içərimizə, ruhumuza daha artıq dolur.

Üzeyir bəy bu millətin varlığında, hər birimizin düşüncəsində, duyğularındadır.

Üzeyir bəy hər an bizimlə qoşa irəliləyən nəfəsdaşımız, ürəkdaşımız, ruhdaşımız, sirdaşımızdır.

Vaxt ötdükcə əksinə, onun böyüklüyünün, əvəzsizliyinin yeni-yeni üfüqlərini kəşf edirik.

Üzeyir bəy içərimizdəki Azərbaycandır, bizi-biz edən dəyərlərin ən vaciblərindəndir.

Adi məntiqlərin əksinə olaraq bizdən vaxtca, məsafəcə uzaqlaşdıqca hər birimizə daha çox yaxınlşan doğmamız!

Sentyabrım 16-da saat 21.30-da və sentyabrın 18-də -- düz Üzeyir bəyin doğum günündə Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi dahi bəstəkarın anadan olmasının 133-cü ilinə həsr ediləcək.

 





17.09.2018    çap et  çap et