Vaxt.Az

Bizi gələcəkdə gözləyən dahi


 

Üzeyir Hacıbəylinin doğum gününə ...

Bizi gələcəkdə gözləyən dahi Alimlərin qənaətinə görə, tarixi prosesi heç kim dəyişə bilmir, böyük şəxsiyyətlər yalnız ona təsir edib sürətləndirir, yubadır, yaxud yönəldə bilirlər. Bəzən öz xalqının taleyində müstəsna rol oynayan elə dühalara rast gəlirsən ki, onları nəinki tarixi prosesin yaradıcısı, hətta tarixin özü kimi dəyərləndirirsən. Xalqımız zaman-zaman böyük bəlalar yaşasa da bu cür şəxsiyyətlərdən xali olmayıb. Misal üçün, M.F.Axundov öz mütərəqqi fikir və ideyaları ilə Şərqin ən öndə olan fikir sahiblərindən idi. Biz bu gün mədəniyyətin bütün sahələrində çağdaş dünya ilə ayaqlaşan keyfiyyətlərimizə görə həm də Axundova borcluyuq. Onun parlaq zəkası, istedadı və dahiyanə öncəgörməsi cəmiyyətimizi ən azı yüz il irəli atdı. Axundov və onun silahdaşları feodal-patriarxal bir cəmiyyətdə modern dünyanın ilkin və etibarlı təməllərini atdılar. 1918-ci ildə yaradılmasında Üzeyir Hacıbəylinin də yaxından iştirak etdiyi Azərbaycan Xalq Cümhuriyyəti bu möhkəm təməllər üstündə quruldu.

Bütün ölkələr təntənəni də, çətinliyi də, faciəni də özünə dönəndə, öz ayaqları üstündə dayanmaq istəyəndə yaşayır. Təntənəsi azad olmaq, çətinliyi müstəqil və demokratik ənənələrin yaradılması, faciəsi isə düşmənlərin fəallaşması, arzulamadığı münaqişələrə cəlb edilməsi, həm torpaq, həm insan itirməsidir. Azadlığını elan edən bütün xalqlar nadir istisnalarla bu taleni yaşayıblar. Azərbaycan bir əsrdə iki dəfə müstəqilliyini elan edib və hər ikisində tarixi uğurlarla yanaşı ağlagəlməz faciələr görüb.

Vətənin uğurunun da, faciəsinin də yükü onun böyük oğullarının çiyninə düşür. Azərbaycanın da eləcə. Bu böyük oğullar olmasa, xalq cümhuriyyəti qurulmaz, xalq cümhuriyyəti qurulmasa, Azərbaycan SSRİ-nin tərkibinə müttəfiq respublika kimi daxil olmaz, müttəfiq respublika olmasa, müstəqilliyimiz olmazdı. Demək, tarixi prosesdə baş verən, böyük şəxsiyyətlər tərəfindən istiqamətlənən və bəlkə də dəyişdirilən hadisələrin heç biri təsadüfi deyil.

Üzeyir Hacıbəyli Azərbaycanın taleyindən nəğmə kimi keçən bir şəxsiyyət olub. Avtobioqrafiyasını oxuyanda adam sözün yaxşı mənasında heyrətlənir. Bir insan bir ömrə bu qədər işi necə sığışdırıb? Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim, pedaqoq... Hər biri də yüksək səviyyədə. Onun sadalanan hər bir peşəkar fəaliyyəti haqqında ayrıca tədqiqat işi yazmaq olar. Bəstəkarlığını isə bir tədqiqata sığışdırmaq mümkün deyil. Çünki onun operaları, musiqili komediyaları, xor və orkestr üçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya, romans və mahnıları hər biri ayrıca araşdırılmalıdır və araşdırılıb da. Ümumiyyətlə, Üzeyir Hacıbəyli irsinin yaxşı öyrənilməsi bizim təhsilimizin ən üstün keyfiyyətlərindəndir. Bəzən, Türkiyədən, İrandan, digər qonşu və qonşu olmayan ölkələrdən Azərbaycana gələn, peşəkar musiqimizlə yenicə tanış olan mütəxəssislər balaca bir müsəlman respublikasının bu sahədəki inanılmaz uğuruna təəccüb edirlər. Lakin Üzeyir Hacıbəyli haqqında ən vacib faktları öyrənəndən sonra işin nə yerdə olduğunu bilirlər.

Üzeyir bəyin musiqiçi kimi fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, Azərbaycanda musiqili teatrın və konservatoriyanın əsasını qoyub, çoxsəsli xor kollektivini və notla ifa edən xalq çalğı alətləri orkestrini yaradıb. Xalq mahnılarının, muğamların ilk tədqiqatçılarından olub, dərsliklər və not kitabları yazıb. Xüsusi komissiya yaradaraq, respublikamızı qarış-qarış gəzib, səsi və ifaçılıq qabiliyyəti olan uşaqları tapıb, təhsil almaları üçün imkan yaradıb.

Bildiyiniz kimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesab edirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrin üzünə həmişə açıq idi. O, Bakıdakı evinin qapısını heç vaxt arxadan bağlamırdı. Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini dilə gətirirdilər.

Dahi bəstəkarın tələblərinə sevgisini ifadə edən əhvalatlardan birində deyilir ki, yaxşı oxuyan bir tələbəsi yazı taxtasına dərs danışmağa çıxanda ayaqqabısı köhnə olduğu üçün utanır, Üzeyir bəy öz ayaqqabısını çıxarıb tələbəsinə verir və başqa bir tələbəni ayaqqabı dalınca evə yollayır. Tələbə bəstəkarın həyat yoldaşı Məleykə xanımdan ayaqqabı alıb qayıdınca auditoriyada, tələblərin qarşısında ayaqyalın oturur.

Üzeyir bəyin xoşbəxtliyi həm də onda idi ki, Məleykə xanım kimi dəyərli bir qadınla ailə qurmuşdu. Məleykə xanım Üzeyir bəyi bütün situasiyalarda dərindən anlayır və ürəkdən dəstəkləyirdi. Hətta o, həyat yoldaşına sənət baxımından da yaxın olmaq üçün ixtisasını dəyişərək, rus dili müəllimliyindən uzaqlaşır, konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olur.

Təsəvvür edin, iki daşın arasında uşaqlar üçün doğma dilimizdə “Hesab məslələri” dərsliyini də yazıb, jurnalistlər və hərbçilər üçün türk-rus, rus-türk lüğətini tərtib edib, sevdiyi maraqlı hekayələri Azərbaycan dilinə çevirib, kütlənin qəflətdən ayılması üçün məzhəkələr, felyetonlar, yumoristik pritçalar yazıb. Bir sözlə, əlinə düşən hər fürsətdə öz xalqı, öz vətəni üçün nəsə faydalı bir iş görüb. Onu xatırlayanda ürəyini məşəl kimi yandırıb əlində tutaraq ətrafına işıq saçan əfsanəvi bir qəhrəman canlanır yaddaşımızda.

Üzeyir bəy Axundov ideyalarının yorulmaz davamçısı olmaqla qalmırdı, həm də bu ideyaları həyata keçirirdi. Bildiyiniz kimi, onun ozamankı sovet rəhbərləri yanında böyük nüfuzu vardı. Xüsusən, “Koroğlu” operası Stalin tərəfindən yüksək qiymətləndiriləndən sonra Üzeyir bəy SSRİ-nin ən sayılıb-seçilən şəxsləri sırasına qatıldı. O dövrə aid bütün ali mükafatlara layiq görüldü; Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatı oldu.

Eyni zamanda yüksək vəzifələr tutdu ki, bu da respublika üçün böyük işlər görmək fürsəti yaradırdı. Azərbaycan Elmlər Akademiyasının akademiki, professor idi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru vəzifələrində işləmişdi.

Üzeyir bəyin yüksək milli düşüncə və vətənpərvərlik hissləri ilə 30-cu illərin ət maşınından salamat çıxması hər şeydən əvvəl tanrının iradəsi idi və tale onu bu xalq üçün qoruyurdu. “Koroğlu”nun premyera tarixinə baxsaq hər şey aydın olar – 1937. Sizcə, həssas qəlbi və böyük intellekti olan bəstəkar o illərdə günahsız repressiyaya məruz qalanları görmürdümü? Onların günahsız olduğunu bilmirdimi? Əlbəttə, görürdü və bilirdi. Elə buna görə, cəmi iki il sonra onda şəkər xəstəliyi aşkarlandı və həkimlər xəstəliyin mənbəyinin əsəb və gərginlik olduğunu söylədilər. Xatırladım ki, həmin il Moskvada ittifaq miqyaslı milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə Üzeyir bəy də münsiflər heyətində təmsil olunurdu. Ermənilər ondan şikayət edərək, Bakıdan gələn iştirakçılar içərisində ermənilərin olmadığını və bunun Üzeyir bəy tərəfindən qəsdən edildiyini bildirirdilər. Soyuqqanlı və səbirli olmasına baxmayaraq, bu hadisə onu çox əsəbiləşdirmiş, səhhətinə böyük zərbə vurmuşdu.

Qeyd olunan fakt ona qarşı ilk hücum deyildi. Hələ 1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyin evini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı.

Üzeyir bəy həm millətçi ermənilərdən, həm də ruspərəst azərbaycanlılardan qorunmalı idi. Onu daha bir ölüm təhlükəsindən Nəriman Nərimanov xilas etmişdi. Belə ki, Stalinin stolunun üstünə gedən “Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunu eşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.

Üzeyir bəyin Bakıdakı evinə atılan güllələr düz 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycan hökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün və Natəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indi paytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.

Üzeyir bəy ən ağır illərdə doğma sənəti ilə həm təskinlik tapır, həm də mübarizə aparırdı. Uvertüranın döyüşkən melodiyaları təkcə Üzeyir bəyin özünü deyil, bütün Azərbaycanı ayaqda saxlayırdı və saxlayır. Hacıbəyli yaradıcılığı sənətkarlığın elə bir mərhələsi idi ki, Stalin kimi müstəbidləri də heyran qoyur, etirafa məcbur edirdi. Bu yerdə öz əsərləri ilə şahlara, sultanlara təsir edən, onları ədalətə səsləyən Nizami Gəncəvi yada düşür.

Üzeyir bəy iki respublikaya himn yazmışdı. Həm milli qüvvələrin yaratdığı müstəqil respublikaya, həm də onu devirərək qurulan sovet respublikasına. Onun istedadının işığı bir-birindən fərqli iki dünyaya da çatırdı. Yetər ki, orda Azərbaycanın adı olsun.

18 sentyabr dahi bəstəkarın doğum günüdür. Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə bu gün həm də Milli Musiqi Günü kimi hər il yüksək təntənəylə qeyd olunur. Şübhəsiz, bu il də ənənəvi anım mərasimi və musiqi festivalları keçiriləcəkdir.

Bu il həm də Üzeyir bəyin ölümünün 70-ci ildönümüdür. O, 1948-ci il noyabrın 23-də, ömrünün 63-cü payızında - islam peyğəmbəri ilə eyni yaşda dünyasını dəyişdi. Dahi bəstəkar da peyğəmbər kimi Tanrı tərəfindən ona həvalə olunan missiyasını sonacan yerinə yetirdi və adını Azərbaycan tarixinin şərəf lövhəsinə yazdırdı.

Üzeyir Hacıbəyli şübhəsiz ki, dahi insan idi. Dahi kimdir? Epoxa yaradan şəxs. Biz ən azı peşəkar musiqi sahəsində Üzeyir bəyin epoxasının adamlarıyıq. Zaman nə qədər irəli getsə və musiqimiz nə qədər inkişaf etsə də Üzeyir bəy bizi gələcəkdə qarşılayır. Keçmişdən yola salır, gələcəkdə gözləyir... Bütün dahilər kimi...

Tanrı bizi Üzeyir bəyin qarşısında utandırmasın. Onun doğma Şuşasını tezliklə işğaldan azad edək ki, gözlərinin içinə şax baxa bilək.

 





18.09.2018    çap et  çap et