- «Xəzər Lənkəran»a səfərdə qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsiz?
- Çox çətin oyun oldu. Amma səfərdə «Xəzər Lənkəran»a qarşı yaxşı oyun göstərə bildik. Qol şansları yaratdıq və bunların ikisindən istifadə etdik. Biz rəqibə nisbətən bu qələbəni daha çox haqq edirdik. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Oyundan əvvəl 2:0 hesablı qələbəyə inanırdız?
- Düşünürdük ki, həddən artıq çətin olacaq. Amma Premyer Liqanın ikinci yarısının startından göstəririk ki, biz yaxşı formadayıq. Əlbəttə ki, həmişə qələbəyə inanırıq.
- Komandanın ilk qolunu siz vurdunuz...
- Çox sevinirəm ki, dünən qol vurdum. Bir müdafiəçinin qol vurması xüsusi bir hissdi. Çünki onlar çox qol vura bilmirlər. Bu, mənim üçün vacib qol idi. Çünki bu qolla qələbəmizin əsasını qoyduq və sonda 3 xal qazandıq.
- Rəqibinizi necə dəyərləndirərdiz?
- Onların oyunda yaxşı şansları oldu. Amma xoşbəxtlik bizim tərəfimizdə idi. Çünki rəqibimiz şanslarından istifadə edə bilmədi. «Xəzər Lənkəran» güclü komandadı. Onlar da çempionatın ikinci yarısına yaxşı başlayıblar. Demək olar ki, dünən meydanda olan hər iki komanda mövsümün ikinci yarısının uğurlu komandaları idi. Amma biz şanslarımızdan daha yaxşı yararlanıb qalib gəldik.
- Artıq turnir cədvəlində «Neftçi»ni geridə qoydunuz. Bunu artıq «Bakı»nın çempionluq iddiasını ortaya qoyması kimi qəbul etmək olar?
- Hələ çempionluqdan danışmaq tezdir. Nə baş verəcəyini mövsümün sonunda görəcəyik. Biz hər oyunda qalib gəlmək üçün ən yaxşısını etməliyik. Bu uğurun davamını gətirməliyik.
- Növbəti turda «İnter»lə qarşılaşacaqsız...
- «İnter» də yaxşı komandadı. Çox çətin olacaq. Amma mən öz komandamıza inanıram. Daha da yuxarılara qalxmalıyıq.
- Sizcə, çempionluq uğrunda hansı komandalar yarışacaq və kim çempion olmaq üçün daha çox şansa malikdi?
- Mənim favoritim «Qarabağ»dı. Amma «Bakı», «İnter», «Neftçi» və «Qəbələ»də sona qədər mübarizə aparacaq.