Vaxt.Az

MTK-ların təhvil yalanı


 

Alıcıların hüquqları pozulur

MTK-ların təhvil yalanı Azərbaycanda binaların qanunsuz tikintisinə, bir mənzilin iki və daha artıq şəxsə satılmasına qarşı mübarizə aparılsa da tikinti sektorunda problemlər bunlarla bitmir.

Alıcılar tikinti şirkətlərinin binaları vaxtında yaşayışa təhvil verməmələrindən şikayət edirlər. Yüzlərlə alıcılar aldadılır və hüquqları pozulur.

Məsələn, tikinti şirkəti alıcıya mənzilin  6 ay sonra yaşayışa təhvil verəcəyini bildirir. Kirayə və aylıq ödəniş xərclərini hesablayan alıcı bu şərtlə tanış olur və mənzili götürür. Lakin 6 ay başa çatsa da bina təhvil verilmir, məlum olur ki, işlər ən azı 4 ay da gecikəcəkdir. Kirayədə qalan alıcı bu yalana görə ən azı 4 ay əlavə kirayə haqqı ödəməli olur. Bu gecikmələrə görə, alıcılar müxtəlif ssenarilər üzrə zərərə məruz qalırlar.

Ümumiyyətlə, bəzi tikinti şirkətlərində yalan adi hal alıb. Verdiyi sözə əməl edən, müştəri məmnuniyyətinə önəm verən tikinti şirkəti azdır.

Bu sahədə problem təkcə binanın vaxtında təhvil verilməməsi deyil. Digər bir problem, vəd verilən xidmətlərin yaşayış başlayandan sonra göstərilməməsidir. Məsələn, tikinti şirkətlərindən biri, alıcıya binanın qarajı olduğunu və aylıq icarə haqqını ödəməklə avtomobilini bu qarajda saxlayacağını bildirib. Amma bina yaşayışa verildikdən bir müddət sonra qarajın nağd satıldığı deyilib. İcarə sahiblərinin avtomobilləri qarajdan çıxardılıb.

Əslində qiymətə daxil olmalı olan işlərin müştərilərin hesabına aparılması, sənədləşmə üçün  əlavə ödənişlərin alınması, işlərin keyfiyyətsiz görülməsi, şirkət əməkdaşlarının müştərilər ilə kobud danışmaları, aldadıcı reklamlar və s.  bu sahədəki digər problemlərdir.

Bir çox sahələrdə olduğu kimi, tikinti sektorunda da satış və xidmətə nəzarətin vaxtı gəlib çatıb. Bu sahədə istehlakçıların hüquqlarının pozulmasına son qoyulmalıdır.

 





24.09.2018    çap et  çap et