Bu yaxınlarda Türkiyədə dəhşətli cinayət hadisəsi baş verdi. Öz bizneslərini inkişaf etdirməyə səy göstərən, başqa diyarda işgüzar sahədə uğur qazanmağa çalışan iki azərbaycanlı şərikdən biri, digərini soyuqqanlı şəkildə güllələyərək qətlə yetirdi.
Deyilənə görə, onların layihələrinə “Fənərbaxça” prezidenti Əziz İldırım belə maraq göstərirmiş.
İnformasiya saytlarında, xəbər başlıqları və manşetlərdə bu şəxslər barəsində çoxsaylı məlumatlar tirajlandı, faktlar sadalandı, dost-tanışlar sorğulandı.
Maraqlıdır, tanıyanlar günahkar olaraq ittiham olunan şəxsin belə bir dəhşətli cinayəti törədə biləcəyinə heç cür inanmır, onu həmişə mərd, xeyirxah, kasıba əl tutan insan kimi xarakterizə edirlər.
Tanınmış bir ailənin üzvü, həyatını itirən, cinayət qurbanı olan digər şərik haqqında da yalnız müsbət fikirlər səsləndirilir, diqqətli, ailəcanlı, xoşxasiyyət olması vurğulanır.
Dəfn vaxtı hətta, həlak olanın nəşi, önəmli şəxs olduğu səbəbiylə Türkiyə bayrağına da büründü.
Bəs məsələnin kökündə nə dayanır? Nəyə görə, hər kəs tərəfindən yaxşı, müsbət xarakterli insanlar olaraq dəyərləndirilən iki nəfərin dostluğu, iş birliyi dəhşətli sonluqla nəticələnir?
Belə bir atalar məsəli var, “Şərikli əti it də yeməz”. Və yaxud digər məsəl, “Şərikli qazan qaynamaz”.
Bəli, bizdə şərikli qurulan bütün işlərə, layihələrə, bizneslərə həmişə xor nəzərlərlə baxılır. Lap elə əvvəldən, hələ iş başlmaqdan qabaq onun iflasa uğrayacağı ehtimal olunur.
Çünki, məsələnin təməlində birləşmə, yardımlaşma, bir-birinə kömək dayanmalıykən, yalnız mənfəəti və gəliri düşünürük.
Çünki, pul-para və maddiyyat düşüncəsi paxıllıq, qeyri-səmimilik yaradır.Qarın və gödən prinsipi yalan, məkr və qısqanclıq əmələ gətirir.
Çünki, mənəvi dəyərlərə tətbiq etdiyimiz ölçü vahidi yalnızvə yalnız puldur, puldur, puldur. Hər şeyi də buna görə qiymətləndiririk.
İnkişaf etmiş ölkələrdə şərik, ortaq dedikdə bir biznes tərəf müqabili, ümumi məsqədləriniz, maraqlarınız olan şəxs başa düşülür. Qarşılıqlı inama, etibara əsaslanan münasibətlər nəzərdə tutulur.
Bizdə isə şərik əksər hallarda mənfi personajdır. Bu ifadə bizdə xoşagəlməz təəssürat yaradır, istər-istəməz göz önündə yalançı, güvənilməyəcək bir insan tipi canlanır.
Ümumiyyətlə, mütəxəssislər və ekspertlər şərikli qurulan biznes layihələrinin mənfi və müsbət tərəflərini aşağıdakı formada təsnif edirlər.
Çatışmazlıqlara, şərikli biznesin çətin idarəolunan olunması, sahiblənmə hissinin tədricən kütləşməsi, iflas zamanı aktivlərin və gəlir bölgüsünün çətinliyi aid edilir.
Üstünlükləri isə, yatırımın yarıya bölünməsi, maliyyə riskinin və muzdlu əməyə çəkilən xərclərin azalması, rəqiblərin təzyiqlərinə effektiv davamiyyət, “ağıl ağıldan üstündür” prinsipinə əsaslanan gücləndirilmiş beyin mərkəzi və sairdir.
Təəssüf ki, şərikli biznes, investisiya yatırımları, maliyyə qoyuluşu, bankçılıq ilə əlaqədar, əvvəlcədən formalaşmış bədbin, pessimist düşüncə tərzi yalnız bizdə mövcuddur.
Dünyada isə, uğurlu şəkildə fəaliyyət göstərən müxtəlif biznes layihələrinə çoxsaylı misallar göstərmək olar:
Bill Qeyts və Pol Allenin “Microsoft”u, Larri Peyc və Sergey Brinin “Google”u, Stiven Cobs və Voznyakın “Apple İnc”i, Evan Uilyams və Biz Stounun “Twitter”i, Bill Hyulet və Devid Pakkardın “Hewlet-Packard”ı, Pyer Omidyar və Cefri Skolun “eBay”ı, Qordon Mur və Bob Noysun “İntel”i, Cerri Yanq və Devid Filonun “Yahoo”su və s.
Bəs nəyə görə digər ölkələrdə yaradılan çoxtərəfli partnyor münasibətləri, şərikli iş birlikləri iflasa uğramır? Əksinə, daha da inkişaf edir, parlayır, uğur qazanır.
Səbəblər olduqca sadədir: öz işlərini sevirlər və peşəkardırlar, ümumi maraqlar və ideyalar ətrafında birləşməyi bacarırlar, pula, vara və şöhrətə biganədirlər, özlərinə qarşı tələbkardırlar, münasibətlər biznes etikası çərçivəsindən kənara çıxmır, işgüzarlıqdan savayı, həm də qarşılıqlı hörmət var, çətinliklər zamanı bir-birlərinə dəstək olurlar.