Vaxt.Az

Fransa klubları Bakıya gəlir


 

«Lans»-«Monako» oyununu izləməyə gələn Fransız knyaz Hafiz Məmmədovun qonağı olacaq, bakılı milyarder İngiltərənin məşhur klubunu alır

Fransa klubları Bakıya gəlir Azərbaycanlı biznesmen Hafiz Məmmədovun Fransada sahibi olduğu «Lans» klubu barədə Fransanın iki komandası olan «Monako» ilə «Lans» arasında keçiriləcək qarşılaşmanın Bakıda keçiriləcəyi məlum oldu.

Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək komandalar paytaxtımızda görüşəcəklər. «Qol.az»ın məlumatına görə, H.Məmmədov artıq bu məsələni Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib. «Bakı» klubunun icraçı direktoru Yaşar Seyidov «Futbol+» qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: «Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. «Monako» - «Lans» matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır».

Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri «Axar.az» yayıb. Xəbərdə deyilirdi ki, məşhur iş adamı Hafiz Məmmədovun sponsor olduğu «Lans» klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan «Lion»a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. «Lans» növbəti oyununu «Monako»ya qarşı keçirəcək. Mötəbər qaynaqdan daxil olan xəbərdə bildirilirdi ki, H.Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var: «Bir qədər əvvəl «Hotel de Paris»də Monako knyazı ilə görüşüblər. Görüşdə H.Məmmədov «Monako»nun yüksək liqaya çıxması münasibəti ilə 2-ci Alberti təbrik edib. Biznesmenin qarşısında duran məsələ «Lans» «Monako»nun Bakıya səfər xərclərini qarşılamaqdır ki, bunda da problem yoxdur».

Xatırladaq ki, ölkə mətbuatında Hafiz Məmmədov məşhur ingilis klubu «Lids»i də almaq istəməsi ilə bağlı xəbərlər verilirdi. Bizdə olan məlumatlara görə, hazırda bu yöndə danışıqlar davam edir. İngiltərə çempionatının 2-ci dəstəsində çıxış edən, «Lids United» vaxtilə Premyer Liqanın üst səviyyə klubları ilə mübarizə aparıb. Bu klubun 2000-ci ildə Avropa kubokunda Türkiyənin «Qalatasaray» komandası ilə yarımfinal oynaması da futbolsevərlərin yaddaşındadır.

 





20.02.2014    çap et  çap et