Vaxt.Az

Musiqi, incəsənət və perfomans...


 

Bakıda növbəti beynəlxalq festival keçiriləcək

Musiqi, incəsənət və perfomans... Noyabrın 6-dan 11-dək “YARAT” Müasir İncəsənət Məkanı Bakıda ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək. Festivalla bağlı sentyabrın 24-də “YARAT”da mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers, Mədəniyyət Nazirliyinin sektor müdiri Şaiq Səfərov və layihənin bədii rəhbəri Kamran Şahmərdan festivalla bağlı məlumat verərək, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. İlk dəfə keçən il keçirilən tədbir öz əhatə dairəsini genişləndirir. Builki festivalda Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Böyük Britaniyadan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir: “Biz müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə biz auditoriyaya azad seçim imkanı verəcəyik”.

Festival çərçivəsində Kamran Şahmərdan Aleksandr Vampilovun eyniadlı pyesi əsasında “Ördək ovu” tamaşasının təqdim ediləcəyini söyləyib. Onun sözlərinə görə, XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli əsərlərindən birinin əsasında qurulmuş tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın “Vene” teatrında baş tutub.



Diqqətə çatdırılıb ki, festival proqramının açılışı İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa ilə başlayır. Rəqqaslar, musiqiçilər və müğənnilər bir neçə janrı birləşdirməklə bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar. Gənc və istedadlı azərbaycanlı dirijor Cavad Tağızadənin rəhbərliyi altında Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edən Mariinski teatrının (Sankt-Peterburq) çıxışı festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri – “Qoqol mərkəzi”nin Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.

Bildirilib ki, festival tamaşalarını ustad dərsləri və mühazirələr proqramı müşayiət edəcək. Proqrama rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzyuba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər.

Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir.

Festivala dəstək verən “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd edib ki, layihə Azərbaycanda incəsənətin inkişafına əhəmiyyətli töhfədir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır.

 





26.09.2018    çap et  çap et