Vaxt.Az

Legionerlərimiz medalsız qaldı


 

Soçi olimpiadasında ölkəmizin adına yazılan ən yaxşı nəticə 12-ci yer oldu

Legionerlərimiz medalsız qaldı Olimpiadanın bitməsinə 2 gün qalıb. Artıq Azərbaycanı təmsil edən idmançılardan Yuliya Zlobina və Aleksey Sitnikov dueti də çıxışlarını yekunlaşdırıblar və onlar üçün olimpiya həyəcanı bitib. Amma olimpiyaçılarımız ətrafında söz söhbət səngimək bilmir ki, bilmir. Müzakirə mövzusu isə idmançılarımızın milliyyətidir. Bəli, bizi olimpiadada təmsil edənlər azərbaycanlı deyil. Onlar əslən Rusiyadan olan Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü, eləcə də Avstriyalı xizəkçisi Patric Braxner və İsveçli Sedrik Notzdur.

Məlum məsələdir ki, heç də hər bir ölkə Soçiyə medal üçün gəlməyib. Və ümumiyyətlə nəticəni vecinə almayıb sırf iştirak üçün olimpiadaya gələnlər var. Soçi olimpiadasına dünyaca məşhur skripkaçı Vanessa Mey ilə qatılan Tailand, ya da ən zəif nəticə göstərən Yamayka bobsleyçiləri, lap elə şortda qış olimpiadasına qatılan Bermud adaları. Sizcə bu idmançılar qələbə üçün mübarizə aparana oxşayırlar?

Bizim duet isə 24 ölkə arasında 12-ci olur. Axı təsadüflər olmur. Axı bizim olimpiyaçılarımız dünyanın ən yüksək səviyyəli qış kurort zonalarında məşq edirlər.

İndi demək olar ki, hamı Şahdağda olan şəkilləri ilə fəxr edir. Yəni ömründə dizədək qar görməyən paytaxt sakini belə xizəkdə məharətlə sürüşə bilər. Yəqin buna görədir ki, sürüşməyin asan olduğunu düşünüb 22-ci qış olimpiadasında olan legionerləri dəstəkləmək əvəzinə qınayanlar çoxdu.

Əlbəttə, Soçidə sırf azərbaycanlı idmançılarla təmsil olunmağı kim istəməz ki, amma bir əmma var axı. Demək olar ki, bütün ili qış fəslini yaşayan ölkələrin fonunda Azərbaycan kimi isti iqlimə malik ölkədə qış idmanı ilə məşğul olan varmı?

Əminəm ki, bir neçə ildən sonra bu tip buz meydançalarında həvəslə məşq edən gənclər bir neçə ildən sonra ölkəmizi peşəkar arenalarında da təmsil edəcəklər. Buna inanmayanlar üçün isə deyim ki 6-7 il bundan əvvəl azərbaycanlı qızların gimnastika ilə məşğul olacaqları fantastik səslənirdi. İndi isə bu reallıqdır.

 





20.02.2014    çap et  çap et