Vaxt.Az

Vəhşi Həbib və Müasir Makreqor...


 

İç hüzuru olanlar daha rahat olur

Vəhşi Həbib və Müasir Makreqor... İki gündür sosial şəbəkədə az qala hər kəs bu iki döyüşçüdən yazır, qiymət verir, söyür, amma dincəlmir. Bəziləri Həbibin müsəlman olmasını önə çəkərək, az qala xilaskar kimi təqdim edir, digər hissə də elə dindarlığına görə söyür, vəhşi adlandırır. Makreqorun uduzmasına heyifsilənənlər və onu təhqir edəblər də az deyil... Bir hissə isə döyüşü vəhşilik hesab edir və ümumiyyətlə buna baxılmasına qarşıdır. Hər kəsin fikrinə sayğı duymaqdayam...

Dindar deyiləm, heç müsəlman da deyiləm, ateistəm, amma Həbibin udmasını arzuladım və buna sevindim. Videolara da sosial şəbəkədəki sən-küydən sonra baxdım, hətta sonra uşaqlarıma göstərdim və onlarla bu barədə danışdım. Halbuki bəziləri uşaqlarla birgə bu döyüşə baxılmasını da vəhşilik hesab edir. Olsun...

Döyüşdən öncəki mətbuat konfransındakı az qala bütün detalları uşaqlarla müzakirə etmişəm. İrlandın kobud və tərbiyəsiz davranışı, ədası, eqosu, qarşısındakına danışmağa imkan verməməsi, psixoloji təzyiq etmək istəməsi, bəlkə də əslində qorxudan irəli gələn davranışları, bahalı və dəbli geyimi, narıncı altlıqlı ayaqqabısı, ayağını stola qaldırıb qoyması, mətbuat konfransında spirtli içki içməsi, bunu qarşısındakına təklif edib onu aşağılamaq cəhdi və daha nələr... hamısını danışdıq. Qafqazlı döyüşçüdən də danışdıq əlbəttə, təmkini, üz ifadəsinin belə sakit qalması, qarşısındakı ilə davranışı, danışarkən seçdiyi sözlər, geyimi və sair... Uşaqlara hətta dedim ki, mən də içki içirəm, amma içməyən dostlarımı təhqir etmirəm. Onlara bu iki döyüşçünün davranışı fonunda bir çox şeyləri anlatdım. Biz Həbibi seçdik, onun davranışına haqq verdik və onun udmasını istədik və bilirdik ki, artıq gecə o, qalıb olub. Digərinin ikrah doğuran davranışından sonra qalib gəlməsi ağır gələrdi bizə. Bizə görə, Həbib vəhşi deyildi, əksinə, digəri vəhşi və tərbiyəsiz biri idi...

Sonra döyüşə baxdıq. Böyük oğlum hətta təəccüb etdi: “Ana sənin belə şeyləri sevdiyini bilmirdim”,- dedi. “Əlbəttə sevmirəm”,- dedim: “Sadəcə o söz atışmasından sonra olacaqlar maraqlıdır”. Həbib qalib gəldikdən sonra evdə hər kəs sevinirdi, uşaqlarımın o iki döyüşçüdən öyrəndikləri vardı çünki...

Döyüşdən sonrakı gün yaşadığımız kampda hər kəs Həbibdən danışırdı, uşaqlar da mətbəxdə eşidirdilər, hələ videoya baxmamışdıq. Danışanlar müsəlman idilər və Həbibi döyüşdən əvvəl səsləndirdiyi dini kəlmələrə görə alqışlayırdılar. Uşaqlara videoya baxınca izah etdim ki, məncə, Həbib daxilən rahatdır, rahatlıq tapmış insandır və bir insan üçün ən vacibi də budur. Bir neçə gün əvvəl cizgi filmi izləmişdik. Kök panda döyüşçü olmaq istəyir, çox çətinliklərdən sonra alınır. Onun müəllimi deyirdi ki, “iç hüzur önəmlidir”. Biz bunu o cizgi filminə baxdıqdan sonra evdə tez-tez zarafatla təkrarlayırdıq. İndi də dedim, “Bax, oğlum, Həbibdə o iç hüzur var məncə. Ona görə sakit və rahatdır. Bununsa dindarlıqla bir əlaqəsi yoxdur mənə görə”. Vurğulayım ki, uşaqlarımın da dindar olmasını istəmirəm. Onlara Allahı deyil, kainatı başa salıram hərdən, vəssalam...

Dostum boksçudur, uşaqlar da son vaxtlar boksa maraq göstərməyə başlayıblar. Amma buna qarşıyam, onlara başa salmağa çalışıram ki, boksu da vəhşilik hesab edirəm, insanı zədələyir, incidir, başa zərbələr xüsusən təhlükəlidir və sair. Dostumun indiyədək heç bir döyüşünə gedib baxmamışam, baxmayaraq ki, hər dəfə qalib gəlir.

Oğlanlarımın 8 və 13 yaşı var. Uşaqlarla birlikdə döyüş videoları izləməyi vəhşilik hesab edənlərdən fərqli olaraq biz izlədik və bəzi suallarımıza cavab axtardıq. “Həbibkimilər cəmiyyətə örnək deyil”,- kimi düşünənlərdən fərqli olaraq mən qarşımıza çıxan bu kimi kiçik hekayələrdən elə kiçik nəticələr çıxarmağa çalışıram. Məsələn, böyük oğlum internetdə gördüyünü mənə belə anlatmışdı: “Ana, Həbib bir tədbirə köynəklə gəlmişdi, Makreqor isə döyüş şortikində və maykasız, tez-tez də əzələlərini göstərirdi, lovğa idi. Onun əzələləri daha böyük idi və mən onun udacağını düşünürdüm”. Əslində bu, oğlumun mesajı idi, o, güclü görünənin qalib gələcəyindən qorxur, bunu istəmir. Çünki özü tez-tez həmin durumda olur. İndi isə gördü ki, öz gücünü gözə soxmayan, lovğalanmayan insan da uğurlu ola bilir. O, xaraktercə sakit, bir qədər utancaq və döyüşkən olmayan biridir. Aşağı siniflərdə tez-tez döyülürdü, onu fərqli böyütmüşdüm. İlk uşaq idi, hər şeyə sevgi, mərhəmət ruhunda böyüdürdüm onu, qəddar, zorakı olmamağı kiçik misallarla öyrədirdim, tövsiyyə edirdim, haqqını normal qaydada istəməyi başa salırdım. Nəticədə ibtidai sinifdə uşaqlardan kəskin fərqləndi, digər vəhşi oğlanların yanında cılız və gücsüz göründü. Təkcə sözə gücü çatırdı. Məsələn, dəfələrlə sinif yoldaşına döyüləndən sonra direktorun bacısına demişdi ki, “sizin oğlunuzun dayısı direktor olduğuna görə bu qədər üstümə gəlirsiz, amma bu, doğru deyil”. Bir dəfə müəlliməsinə hansısa məsələdə etiraz edərək çantasına məktub yazıb atmışdı. Hələ yaxşı ki, müəllimə yaxşı insan idi və onun davranışlarını qiymətləndirirdi. Müəllimə mənə deyirdi və özüm də o fikirdə idim ki, oğlum bu cəmiyyətin uşağı deyil, cəmiyyət onu yeyəcək. Buna görə kiçik oğlumu bir qədər başqa cür böyütməyə başladım, fərqləri də hiss edirəm. Kiçik daha çox özgüvənlidir, özündən böyüklərlə davaya girişir, döyülsə də, qorxmur, oynayacağı oyunlarda əvvəlcədən udacağını əminliklə bildirir, uduzsa da, bunu faciə kimi qarşılamır və sair...

 





08.10.2018    çap et  çap et