Vaxt.Az

Çin geri gedir


 

Həm iqtisadi, həm siyasi baxımdan

Çin geri gedir Çin iqtisadiyyatının artım tempi yavaşlayır. Üçüncü rübdə Ümumdaxili Məhsulun (ÜDM) artımı 2009-cu il maliyyə böhranından bu yana ən aşağı səviyyədə olub - 6,5 faiz. İkinci rübdə bu rəqəm 6,7 faiz, ilk rübdə 6,8 faiz idi. Yəni trend aşağıya doğrudur.

Bu, o deməkdir ki, Donald Trampın təzyiq siyasəti - Çin məhsullarına tətbiq olunan rüsumları yüksəltməsi nəticə verir. Əgər ticarət savaşı davam edərsə, Çinin ixracatla bağlı problemləri artacaq. Bəzi çinli ekspertlər 2019-cu ilə böyümənin 6,2-6 faiz həddinə qədər yavaşlayacağını proqnozlaşdırır.

Çin kimi nəhəngin iqtisadiyyatındakı proseslərin bütün dünyaya, o cümlədən Azərbaycana təsirləri qaçılmazdır. Təkcə onu demək kifayətdir ki, Çin dünyada xam neftin ən böyük idxalatçısıdır və ötən il bu göstərici üzrə ABŞ-ı ötərək birinci olub. İqtisadi artımın zəifləməsi davamlı tendensiyaya çevrilərsə, bu, o deməkdir ki, Çinin enerji daşıyıcılarına tələbatı da azalacaq, bu isə neft bazarındakı qiymətlərə təsir edəcək. Yəni qiymət aşağı düşəcək.

Ümumiyyətlə, Çinin mövcud qapalı, ekstraktiv siyasi sistemi saxlamaqla hara qədər inkişaf edə biləcəyi Qərbdə əsas müzakirə mövzularından biridir. Acemoğlu və Robinsonun 2012-cu ildə nəşr olunmuş əsərində (“Why Nations Fail”) inklüziv, açıq siyasi sistem yaradılmadan, azadlıqlar təmin edilmədən dayanıqlı inkişafa nail olmağın qeyri-mümkünlüyü əsaslandırılır və Çindəki iqtisadi inkişafın da sonunun gələcəyi proqnozlaşdırılır. İndi həmin anın yetişdiyini birmənalı söyləmək şəxsən mənim üçün çətindir, bunu iqtisadçılar təhlil etsə, yaxşı olar. Lakin Çin daxili siyasətində baş verən proseslər göstərir ki, ölkə Den Syaopinin kursundan uzaqlaşır.

Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilən qurultayı və Ümumçin Xalq Nümayəndələri Yığıncağının (qanunverici orqan) bu ilin martında keçirilən toplantısı mürtəce qərarlarla tarixə düşdü və hazırkı rəhbər Si Tszinpinin tək adamlığını, lider kultunu rəsmiləşdirdi. Belə ki, ÇXR sədri vəzifəsinə iki dəfədən artıq seçilməklə bağlı məhdudiyyət götürüldü, bu isə imkan verir ki, cənab Si səlahiyyət müddətinin bitəcəyi 2023-dən sonra da iqtidarda qalsın. Den Syaopin Mao tiraniyası dövrünün faciələrinin təkrar olunmaması məqsədilə 1982-ci ildə Konstitusiyaya bu limiti daxil etmişdi. Qurultayda Mao və Dendən sonra Sinin də adı partiya Nizamnaməsinə daxil edildi və hazırkı rəhbərin “Çin spesifikası əsasında sosializmin yeni erası” (marksizm-leninizmin inkişafı kimi) konsepsiyasına ideya statusu verildi. Daha əvvəl yalnız Mao bu şərəfə layiq görülmüşdü, beləliklə, Si qurucu liderlə bərabərləşdirildi. Bu, o mənaya gəlir ki, Sinin fikirlərinə qarşı çıxanlar partiyanın Nizamnaməsini pozmuş olacaqlar.

Acemoğlu və Robinsonun nəzəriyyəsinin Çin praktikasında özünü doğruldub-doğrultmayacağını zamanla daha aydın görə biləcəyik.

 

 





19.10.2018    çap et  çap et