1942-ci il fevralın 24-də Frans fon Papen həyat yoldaşı ilə birlikdə Ankaradakı səfirlik binasından çıxarkən küçənin qarşı tərəfində əlində böyük paket olan bir nəfər onlara tərəf addımlamağa başlayır. Elə bu zaman partlayış baş verir və əlində paketi tutmuş naməlum şəxs tikə-parça olur, səfir və yoldaşı isə yara almadan qurtulur. Türkiyə polisinin araşdırmaları nəticəsində həmin şəxsin Balkan kökənli Türkiyə vətəndaşı, İstanbul Universitetinin hüquq fakültəsinin 25 yaşlı tələbəsi Ömər Tokat olduğu müəyyənləşir. Ö.Tokat Yuqoslaviya Kommunist Partiyasının üzvü imiş və NKVD tərəfindən əməkdaşlığa cəlb edilibmiş. Plana görə, Ö.Tokat əvvəlcə səfirə atəş açaraq onu öldürdükdən sonra əlindəki tüstü bombasını partladaraq qaçmalıymış. Lakin o, özbaşına plana dəyişiklik edərək əvvəlcə tüstü bombasını partlatmaq qərarına gəlir və ölür. Çünki tüstü bombası adı ilə ona verilən bağlamada əsl partlayıcı var imiş. Məqsəd bu olub ki, səfiri öldürdükdən sonra bu binəvanın özü də ölsün...
Polis az sonra Ö.Tokatla yaxın əlaqələri müəyyənləşdirilən 2 nəfəri həbs edir, onlar da Yuqoslaviyadan Türkiyəyə köç etmiş türklər idi. Bu şəxslər sui-qəsdin sifarişçisi və təşkilatçısı kimi İstanbuldakı SSRİ Baş Konsulluğunu göstərirlər. Polis İstiqlal caddəsindəki Baş Konsulluq binasını 2 həftə mühasirədə saxlayır və konsulluqda “arxiv məmuru” adı altında çalışan sovet kəşfiyyatçısı Qriqori Pavlovu (əslində Mordvinov) həbs edir. Digər kəşfiyyatçı - konsulluğun "ticarət təmsilçisi" Leonid Kornilov isə SSRİ-yə qaçmaq istəyərkən qatarda yaxalanır. Təhqiqat dərinləşir və bu zaman Baş Konsulluğun "mətbuat attaşesi", əslində QRU-nun podpolkovniki İsmayıl Əhmədov əmniyyət binasına gedərək təslim olur və Türkiyədən siyasi sığınacaq istəyir. 38 yaşlı Əhmədov tatar idi və sovet hökumətinin repressiyalarına etiraz etdiyi üçün bu yolu seçdiyini bildirir. O, polisə hər şeyi danışır və sui-qəsdi konsulluğun Naumov soyadlı digər attaşesinin təşkil etdiyini bildirir.
“Naumov” əslində sovet kəşfiyyatının ən parlaq simalarından biri, xarici əməliyyatlarda ad çıxarmış NKVD-nin 4-cü idarəsinin rəis müavini, daha əvvəl Meksikada Trotskiyə qarşı uğurlu sui-qəsdin təşkilatçısı, sonradan general-mayor rütbəsinə qədər yüksələn Naum İsaakoviç Eytinqon idi. Trotskini buz baltası ilə qətlə yetirən İspaniya kommunisti Roman Merkader məhz N.Eytinqon tərəfindən əməkdaşlığa cəlb edilmişdi və onun (Eytinqonun) İspaniyadakı vətəndaş müharibəsi zamanı sevgilisi olmuş Karidad Merkader adlı yerli kommunist qadının oğlu idi. Türkiyə polisi Eytinqonu yaxalaya bilmir, peşəkar kəşfiyyatçı vaxtında ölkədən çıxır.
Bəs Frans fon Papen kim idi, SSRİ niyə onu aradan götürmək istəyirdi? Tatar İsmayılın sonrakı taleyi necə oldu? Bu haqda növbəti yazıda.