Vaxt.Az
Edamsevərlər və himnsevərlər
Hər bir mövzu müzakirə oluna bilər, yetər ki, təhqir olmasın
Demək Pakistanda Bibi soyadlı bir xristian qadın müsəlman qadınlarla söhbət əsnasında deyib ki, dünyanın xilaskarı İsa Məsihdir, sizin peyğəmbər bəşəriyyət üçün heç nə edə bilməz. Müsəlmanlar da eləməyib tənbəllik adamı linç etmək isəyiblər, fəqət polis qadını vəhşi kütlənin əllərindən alıb həbs edərək məhkəmə qarşısına çıxarıb. Adam bu sözlərinə görə edam cəzasına məhkum olub və cəzanın icrası ləngidildiyinə görə 9 il həbsdə yatıb. Mədəni dünyanın təzyiqlərindən sonra Pakistan məhkəməsi
Bibinin ölüm hökmünü ləğv edib və şərt qoyub ki, azadlığa çıxan kimi dərhal ölkəni
tərk etsin. Müsəlmanlar da tökülüblər küçəyə ki, bəs bizim dinimiz hələ də mədəniyyətə
qarşı dirəniş göstərdiyinə görə, qadın mütləq edam olunmalıdır. Yəni həmin müsəlmanlar
düşünürlər ki, peyğəmbər müqəddəsdir, onun haqqında tənqidi fikir belə söylənə
bilməz. Təbii ki, İslam Peyğəmbəri Həzrəti Məhəmməd sağ olsaydı bu insanlara
baxıb deyərdi ki, ay vəhşilər, siz hansı İslamı təmsil edirsiniz, siz mənim
yaşamımda insana qarşı bu cür vəhşiliyin bircə nümunəsini göstərə bilərsinizmi?
Məgər sağlığımda məni tənqid, təhqir etməyiblər? Sizlər bu dini məndən öyrənməmisinizsə,
bəs kimdən öyrənib belə eybəcərləşdirmisiniz? Bu hadisənin əsas mahiyyəti
bundan ibarətdir ki, əksər müsəlman toplumları öz yaşadıqları uydurulmuş dində
hər şeyin üzərinə müqəddəslik sertifikatı vuraraq müzakirədən imtina edirlər, tənqidi
fikri daş-qalaqla yox etməyə çalışırlar. Halbuki, bəşəriyyətin bu gün gəlib
çıxdığı inkişafın təməlində elmi, siyasi, dini, mədəni müzakirələr, dialoqlar ənənəsi
durur.
Düşünürəm
ki, bu günlərdə Milli Məclisdə himnlə bağlı səsləndirilən bir fikrə qarşı cəmiyyətdən
gələn reaksiyanın da motivini məhz bu müqəddəslik elementi təşkil edir. Bizim də
toplum pakistanlılar kimi hər şeyin üzərinə müqəddəslik sertifikatı vuraraq
müzakirədən imtina yolunu tutmaqla hansısa fikrin yerindəcə boğulmasına yönəlik
hər dəfə səfərbərlik nümayiş etdirir. Bir fikirlə razı olmamaq hamının
haqqıdır, ancaq hansısa mövzuya müqəddəslik damğası vurmaq sadəcə axmaqlıqdır.
Himn də, bayraq da, gerb də, Konstitusiya da, Qarabağ da, Hüseyn Cavid də, Səməd
Vurğun da, Babək də, Cavad xan da, Məhəmmədəmin Rəsulzadə də, Üzeyir bəy də,
Heydər Əliyev də, Quran da, Məhəmməd peyğəmbər də, dilimiz də, tariximiz də
müzakirə oluna bilər, bu mövzuda fərqli mövqelər sərgilənə bilər. Yetər ki, təhqir
olmasın, böhtan olmasın. Cəmiyyət müzakirə edərək, diskussiya apararaq irəli
gedə bilər. Sürü psixologiyası ilə “müqəddəs dəyərlərimizə toxunmayın” deyibən
fikirləri, düşüncələri susdurmaq yanlış bir ənənənin davam etdirilməsi deməkdir.
Azərbaycanda fəlsəfi düşüncə məktəblərinin olmamasının əsas səbəbini də bu
yanlış ənənədə axtarmaq lazımdır.
İndi
kimsə mənə Pakistandakı edamsevər müsəlman vətənpərvərlərlə Azərbaycandakı
himnsevər müsəlman vətənpərvərlərin dünyagörüşləri arasındakı fərqi izah edə
bilərmi?
04.11.2018 çap et