Vaxt.Az

Neft bu gecə kəskin ucuzlaşdı


 

Donald Tramp: “OPEC-i sevmirəm”

Neft bu gecə kəskin ucuzlaşdı “Brent” neftinin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə düşdü. Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsinin ardından daha da düşüb. Neft 12 gündür ucuzlaşır.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falih, istehsalçıların Oktyabr ayındakı hasilatdan 1 milyon barrel az neft istehsal etmələri lazım olduğunu söyləmişdi.

ABŞ prezidenti “Twitter” vasitəsilə verdiyi açıqlamada, “Ümid edirəm ki, Səudiyyə Ərəbistanı və OPEC neft istehsalını azaltmayacaq. Neft qiymətləri təklifə bağlı olaraq daha aşağı olmalıdır”, - deyib.

Trampın açıqlamsından sonra, “Brent” markalı neft təxminən 7,5 faiz ucuzlaşaraq 64,75 dolları, ABŞ xam neftinin (WTI)  qiyməti isə 8 faiz düşərək 54,90 dolları görüb (Saat 07:00-a olan məlumat).

Neft qiymətləri ötən aydan bəri isə 25 faiz düşüb. “Brent” neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

ABŞ 8 ölkəyə İrandan neft satın almağa möhlət verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb.

ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin bu məhdudiyyətlərdən müvəqqəti (180 gün) istisna olunduqlarını açıqladı.

Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.

Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal iqtisadi artımı ləngidir və neftə tələbatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da yaranıb. Bütün bu proseslər də neft qiymətlərinə mənfi təsir edir.

OPEC aylıq hesabatında 2019-ci ildə neftə tələbin gözləniləndən sürətli azaldığını gözlədiyini qeyd etmişdi.

 

“Neft qiymətləri mənim sayəmdə aşağı düşür”

 

ABŞ prezidenti Donald Tramp, son həftələrdə neft qiymətlərində baş verən azalmanın özü sayəsində olduğunu bildirmişdi.

İrana qarşı sanksiyalardan səkkiz ölkəyə möhlət verdiklərini xatırladan Donald Tramp, “Bunu etməyimin bir səbəbi məndən kömək istəmələridir. Ancaq, əsas səbəb neft qiymətlərinin 100 dollara və ya 150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən aşağı salıram. Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftədə olduqca əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görərsiniz. Bu mənim sayəmdə oldu”, demişdi.

Tramp “OPEC deyilən bir monopoliya var və mən bu monopoliyanı sevmirəm”, ifadəsini də işlətmişdi.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürür. İqtisadçılar bu qiymətin riskli olduğu barədə xəbərdarlıq etmişdilər. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar götürülmüşdü.

 





14.11.2018    çap et  çap et