Təməl isə, əlbəttə (elə hər dövrdə olduğu kimi), quruluşçu rejissorlar...
Məsələn, o dövrdə sehrli-sehrsiz “ssenari sandığı”ndan çıxan məsələ uşaq aləmilə bağlıymışsa, əksəriyyətin (hələ rəsmi təyinatdan öncə) fikrindən Ş.Mahmudbəyov, nağıl-fantastikaymışsa – Ə.Atakişiyev, “psixologizm”lilər H.Seyidbəyli, super-dramatizmlilər T.Tağızadə, bunların cəmi (və bir az da müasir-detektivizm) janrındaymışsa, bizim bu yazı qəhrəmanımız keçirmiş...
Hörmətli oxucularımız arasında yuxarıdakı “cəmi” sözünün “hesabat”ını gözləyənlər də varsa, mənim də bir dəstavuz sualım var; “Tütək səsi”ni konkret kəsinliklə hansı janra “tövsif” etmək olar?..
Bəli, 1936-37 – Stalin repressiyası və 1941-45 – Hitler müharibəsinin yetirməsi olan cəmiyyətlərdən birinin – Azərbaycanın sonrakı siyasi-ictimai-sosial mahiyyətinin çox istedadlı təcəssümlərindən (öncə nəsri – İ.Hüseynov, ardınca vizual – R.Ocaqov) hesab edilən “Tütək səsi”...
Yeri gəlmişkən, vurğulayım ki, Rasim Ocaqov qeyri-adi bir xəlqilik, sadə-sayalıq, millimentallıq “ədva”ları ilə çəkdiyi bu film ilə, buna qədər və sonralar çəkdiyi orijinal (bəzi hallandırmalarda isə “əndirəbadi”) lentlər hesabına qazandığı “kosmopolit”, “ədabaz” kimi ayamaları üstünə xətt də çəkmiş oldu.
Bu kinofenomenin –
müxtəlif görəvlərlə çalışdığı 80-dən çox filmdən neçə-neçəsini elə öz “operator gözüylə” seyr etdiyimiz, bir neçəsində istedadlı ssenarist dəst-xəttilə tanış olduğumuz, öz “quruluş”undakı (adlarını əzbərdən söyləyəcəmiz) 10-dək ekran işini birmənalı (əlbəttə, müsbət) qiymətləndirdiyimiz Rasim Ocaqovun ömür və yaradıcılıq taleyi də bir çox “daha məşhur”lardan seçilib. Bu “ipə-sapayatmaz” sənət qrafı ömrü boyu pavilyon-məkanlar qurub, saysız kadr və filmlər çəkən “ənənəvi”çi kinematoqraflardan fərqli olaraq, həm də həssas qəlb “statistika”sı və ürək “bloknot”una hesabsız süni əngəllər salınmış, “mərkəz” və “yerli” etiketli səlahiyyətlilərdən daha çox “mız”lar görüb, nazlar çəkmiş nadirlərdəndir.
Ancaq o həm də çox bərk, müqavimətkar, “şəkililik ovqatı”na rəğmənli olub; siz nə onun fotoşəkillərindən “sərgilənən” pessimizmə, nə bəzi istedad-istemalsız qrupların çayxana gaplarında yaratmağa çalışdığı “qaşqabaqologiya” kimi “obraz”larına, nə də öz “Tütək səsi”ndən “püskürdüyü” ələmlərə bənd olun, – Rasim çox nəşəli, ovqatsaçan, həyat eşqli, gözləri gur közlü ocaq yanarlığında bir insan, işləri – daim çarpışlı qılınc ovxarlığında olan orijinal bir sənətkar olub. Bir kərə aktyorlardan birinin “ustad, gündə neçə gilə siqaret çəkirsiz” sualına verdiyi cavaba tamaşa edin: “Baxır günün təhər-tövrünə. Əksərən hər kadrı aldırana qədər çəkdiyim “dubl”lar, bəzən iradlarımdan küsən bir aktyorun könlünü alanadək çəkdiyim naz, hərdən də “filankəsi mütləq filan rola çək” deyənlərdən çəkdiyim əsəb qədər...”
O, bu “göz sənəti”nə –
kinoya söz sənətinə vurğunluğundan gəlib. Bu, bir az da, günü bu gün də folklor (başqa sözlə, şifahi xalq ədəbiyyatı) yaradıcılığından qalmayan, bu təbii-xəlqi qaynamada “deyib-gülmə”, “məzə-məzhəkə” dastanlarını xüsusi bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə bağlı idi. Artıq xeyli dərəcədə praktikləşib, müəyyən qədər əda-modalaşaraq həm də qanadlı ifadələr, frazeoloji ibarələr kəsb etməkdə olan Azərbaycan kinosu bu yeni yaradıcılıq cücərtilərini məhz Rasim Ocaqov kimilərinin əlli-altmış il bundan əvvəlki səpkilərindən götürüb. Birmənalı başa düşülə bilər ehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin məna-məzmunca naftalin qoxuyan basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları sayəsində “gözləri yağır, qulaqları bağır”lıqdan təmizlənirdi. Gənc operator Rasimin sənətə baxışı da yeni olduğundan, vizual fonlarla bərabər, məna-mətləb donları da yeniləşir, tamaşaçının gördüklərilə eşitdikləri arasında bir proporsionallıq yaranırdı. Onun əl qoyduğu işlərdə “Abidələr danışır”dı. Uzun illər boyu “Rəhbərə salam”, “26-lar”, “VİL-100”, “Qurultaydan-qurultaya” dəbli ekran matahları “Ad günü” (bədii), “Yolda əhvalat” (qısametrajlı), “Metamorfoza”, “Rəngli yuxu” kimi adlıqlara çevrilirdi.
Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrildi. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə-ifa etdirib, yeri gələndəsə hər birini solo kimi də aksentləşdirib.
Rasim Ocaqov kinoya ötən əsrin ikinci yarısından başlayan canlanma dövründə qədəm qoyub və mütəxəssislərin qənaətincə, böyük ekranın yoluxduğu bir sıra ənənəviçilik “paslanma”larına son qoyub. Həmin vaxtlaradək ürəyində başqalarının “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini gəzdirən Rasim: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq” əlavəsini edir və bunu “Bizim küçə”, “Onun böyük ürəyi”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s. filmlərdəki operatorluğu ilə sübuta yetirir.
Rejissorluq görəvinə 1974-cü ildə (qırx bir yaşında) layiq görülməsinin özü də maraqlı bir tarixçə. Çoxlarının fikrincə “əvəzedilməz” hesab edilən bu operatorun “mən film çəkmək istəyirəm” iddiasından çıxılmaz vəziyyətdə qalan kinostudiya rəhbərliyi “...olar, amma yalnız rejissorluq təhsili aldıqdan sonra” – deyir və Rasim də - “eləmə tənbəllik”, gedib Teatr İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini də bitirir. Kinostudiyaya qayıdıb, arzusunun reallaşmasına yarımçıq qalmış bir filmlə - adını dəyişib “Qatır Məmməd” qoyduğu “Gəncəbasarlı qisasçı” ilə başlayır. Və elə ovaxtdan “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrilir. Haqqında çox danışmağa ehtiyac olmayan “Tütək səsi” şedevri də ki, öz yerində…
Görəsən, “Rasim Ocaqovun yaradıcı psixolojisi yaradıcılıq xronolojisindən sürətlə və öndə gedirmiş” deməklə, yanılmış olmaram ki? Məncə, bu qənaətimin sübutu üçün aşağıda onun xəyali “Azərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin adlarını sadalamağım yetər: “Ad günü”, “Özgə ömür”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...
...Bu an, onun çəkdiyi filmlərdən birinin (“Ölsəm, bağışla”) adı mənə uzun adlı bir qənaət-etiraf “filmi” diktə etdi: “Bu məqaləni adına layiq yaza bilməsəm, bağışla”. Yəni, sənin gözünlə baxıb heyran qaldıqlarımızı, ssenari-sözünlə, bitkin quruluşlarınla ərsəyə gələnlərdən bəhrələndiklərimizi adekvatlaşdıra bilmədimsə...
Məsələn, sənin saysız-hesabsız satirik-yumoristik nümunələrin haqda heç nə demədim, axı. Ayrıca bir yazı mövzusu olan (“köhnə” tamaşaçıların gündəlik “satira porsiyası”na çevrilmiş) “Mozalan” kinojurnalındakı müəllif süjetlərini, çəkiliş-quruluş nümunələrini deyirəm…
Görüşüb-salamlaşmağı hələ döyülməmiş xırmana, ayrılıb-xudahafizləşməyi suyu sovulmuş dəyirmana bənzədirlər...
Sonda, filmoqrafiyasına günlər-aylarla baxılıb-qurtarılmayası bu sənətkarın çox yığcam avtobioqrafiyasından: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ilin 11 iyulunda Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq və Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültələrini bitirib. SSRİ və Azərbaycan Dövlət mükafatlarına, Xalq artisti fəxri adına layiq görülüb...