Xatırladaq ki, Abel Məhərrəmovun noyabrın əvvəllərində dini tolerantlıq mövzusunda keçirilən konfrans zamanı “Eurostar Madrid” otelində içib Azərbaycan nümayəndə heyətinin digər üzvləri ilə dava salmasına dair bəzi təfərrüatlar ötən həftə mətbuata sızdırılıb. Habelə onun Bakıdan təyyarə ilə çəlləklərdə 2 tona yaxın şərab da apardığı iddia edilib. Bundan dərhal sonra rektor vəzifədən azad olunub və KİV-lər onun 19 illik rektorluğu dövründə topladığı sərvət barədə hələ də yazmaqdadır. Keçmiş rektor özü isə bir neçə günlük sükutdan sonra nəhayət danışıb, mətbuatı onun işdən azad edilməsi ətrafında “şou yaratmaqda” günahlandırıb.
Şeyxülislam Allahşükür Paşazadənin qudası, türk əsilli azərbaycanlı iş adamı Əli Evsen tərəfindən artıq üçüncü ildir təşkil edilən həmin konfransa gedən nümayəndə heyətinin tərkibində jurnalist qismində “REAL TV”-nin baş direktoru Mirşahin Ağayev də olub. Və Mirşahin Ağayev ötən həftə öz proqramında bu qalmaqalla bağlı danışıb, Abel Məhərrəmovu, Şeyxi gözdən salmaq istəyənləri qınayıb.
Bununla belə M.Ağayev bildirib ki, Abel Məhərrəmovun Bakıdan gedərkən təyyarədə spirtli içki içdiyini o da görüb. Belə ki, rektor təyyarədə deputatlardan biri ilə içirmiş və ona içmək təklifini də həmin deputat veribmiş. Doğrudur, bu vaxt Şeyx özü onların yanında olmayıb və təyyarədə istirahət otağına keçibmiş. Amma jurnalist hər halda Şeyxin təyyarəsində spirtli içki içilməsini qınayır. M.Ağayev təyyarədə çəlləklərlə dolu şərabın aparılması haqda iddiaları da təsdiq etmir, amma qeyd edir ki, qayıdanda sərnişinlərdən hərəyə bir-iki şüşə içki gətirənlər var idi...